X.T.Novruzova Bakı Slavyan Universiteti,
X.T.Qurbanova Bakı Slavyan Universiteti
RİYAZİYYATIN TƏDRİSİNDƏ TARİXİ MATERİALDAN İSTİFADƏ
Açar sözlər: riyaziyyat, rəqəm. Tarix, Tusi, Pifaqor
Ключевые слова: математика, число, история, Туси, Пифагор
Key words: mathematics, number, history, Tusi, Pythagoras
Müasir təhsil sistemimizdə əsas məsələ informasiyalı cəmiyyətə uyğun, hərtərəfli inkişaf etmiş insanın dünyagörüşünün formalaşdırılmasıdır. Riyazi təhsil şagirdlərin dünyagörüşünün inkişafında böyük rol oynayır. Fənlərin imkan daxilində birləşdirilməsi, onların yaxınlaşdırılması, uyğun məcraya gətirilməsi riyazi təhsilin məzmununda inteqrativlik prinsipi kimi dəyərləndirilir. Bir çox metodist və alimlər – A.Adıgözəlov, Q.İsayeva, Q.Qleyzer, Q.B.Dorofeyev, T.A.İvanova və başqaları bu sahədə mühüm tədqiqatlar aparmış, bunun tədrisin inkişafetdirici funksiyası, ekstensiv təhsildən intensiv təhsilə keçid olduğunu qeyd etmişdilər. Belə ki, riyazi təhsilin humanistləşdirilməsi informasiyanın həcminin artırılması əvəzinə bu informasiyadan necə istifadə edilməsi yollarının araşdırılmasını nəzərdə tutur. Q.B.Dorofeyev göstərir ki, riyaziyyatın inkişafetdirici funksiyasının əsas ideyasını məhz riyazi təhsilin humanistləşdirilməsi, başqa sözlə, gənc nəslin intellektual inkişafının, məntiqinin və emosional mühitinin zənginləşdirilməsi təşkil edir.