Arxiv
Nature & Science 2026 Nature & Science 2025 Nature & Science 2024 Təbiət və Elm 2023 Təbiət və Elm 2022 Təbiət və Elm 2021 Təbiət və Elm 2020 Təbiət və Elm 2019 Arxiv

NƏŞR ETİKASI VƏ REDAKSİYA SİYASƏTİ

 

COPE Bəyanatı

Nature & Science beynəlxalq elmi jurnalı Nəşr Etikası Komitəsi (Committee on Publication Ethics – COPE) tərəfindən irəli sürülən nəşr etikası prinsiplərinə və ən yaxşı təcrübələrə riayət etməyi öhdəsinə götürür. Jurnalın redaksiya, rəyvermə və nəşr prosesləri COPE-un tövsiyələrinə və ən yaxşı təcrübələrinə uyğun həyata keçirilir.

Müəlliflik

Əlyazmanın müəllifləri tədqiqatın aparılmasına əhəmiyyətli töhfə vermiş şəxslərlə məhdudlaşmalıdır. Buraya tədqiqatın planlaşdırılması, məlumatların toplanması və təhlili, habelə əlyazmanın hazırlanması və ya onun məzmununun təkmilləşdirilməsi daxildir. Digər formalarda dəstək göstərən şəxslərin adları Təşəkkür bölməsində qeyd edilə bilər. Bütün müəlliflər əlyazmanın son variantını təsdiqləməli, işin dəqiqliyinə və dürüstlüyünə görə məsuliyyəti qəbul etməlidirlər.

 

Nəşr etikası və qeyri-etik nəşr halları haqqında bəyanat

Jurnalın redaksiya və rəyvermə prosesi aşağıdakı etik prinsiplərə əsaslanır:

1. Tədqiqatın nəticələri dəqiq və şəffaf şəkildə təqdim edilməlidir.

2. Tədqiqat məlumatlarının saxtalaşdırılmasına, təhrif edilməsinə və manipulyasiyasına yol verilmir.

3. Plagiata, təkrar nəşrə və eyni əlyazmanın eyni vaxtda bir neçə jurnala təqdim edilməsinə yol verilmir.

Nəşr etikası qaydalarının pozulmasına dair şübhəli hallar jurnal tərəfindən müvafiq nəşr etikası təlimatlarına uyğun araşdırılır. Qayda pozuntusu təsdiqləndikdə, onun xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq əlyazmadan imtina, dərc olunmuş məqaləyə düzəliş verilməsi və ya məqalənin geri götürülməsi də daxil olmaqla müvafiq tədbirlər görülür.

Maraqların toqquşması

Nature & Science jurnalı elmi etika və şəffaflıq prinsiplərinə riayət etməyi əsas götürür. Nəşr prosesində iştirak edən bütün şəxslər — müəlliflər, redaktorlar və rəyçilər — mövcud və ya potensial maraqlar toqquşması barədə məlumat verməlidirlər.

Müəlliflər: Tədqiqatın hazırlanmasına və ya məqalədə nəticələrin dərcinə təsir göstərə biləcək bütün maliyyə və şəxsi maraqlarını açıqlamalıdırlar. Bu məlumat məqalədə və ya müşayiətedici məktubda göstərilməlidir.

Baş redaktor, redaktorlar və redaktor köməkçiləri də daxil olmaqla, redaksiya heyətinin üzvləri öz məqalələrinin redaktə və qərarvermə prosesində iştirak etmirlər. Belə əlyazmaların redaktə prosesi təqdimatla əlaqəsi olmayan redaktorlar tərəfindən aparılır və məqalələr müstəqil rəyçilər tərəfindən qiymətləndirilir.

Redaktorlar: Müəlliflərlə şəxsi və ya peşəkar münasibətləri, yaxud digər maraqlar toqquşması olduqda, bu barədə məlumat verməli və həmin məqalənin qiymətləndirilməsi və onunla bağlı qərarvermə prosesindən kənarlaşmalıdırlar.

Rəyçilər: Rəy verdikləri əlyazma ilə bağlı maraqlar toqquşması yarandıqda, dərhal redaksiya heyətini məlumatlandırmalıdırlar.

 

Plagiat siyasəti

Jurnala təqdim olunan bütün əlyazmalar StrikePlagiarism antiplagiat proqramı vasitəsilə yoxlanılır. Sistem əlyazmaların oxşarlıq səviyyəsini akademik məlumat bazaları, internet resursları və digər elmi mənbələrlə müqayisə əsasında müəyyən edir. Müəlliflər işlərində istifadə etdikləri bütün mənbələrə düzgün istinad etməlidirlər. Plagiat və ya digər etik pozuntular aşkar edildikdə, əlyazma nəşr üçün qəbul edilmir.

 

Generativ süni intellekt (AI) siyasəti

Bu siyasət elmi yazı və akademik nəşr sahəsində generativ süni intellekt (GenAI) vasitələrindən istifadənin artması nəzərə alınaraq hazırlanmışdır. Onun məqsədi müəlliflər, rəyçilər, redaktorlar və oxucular üçün şəffaflığı və hesabatlılığı təmin etməkdir.

 

Müəlliflər üçün

Müəlliflər elmi əlyazmaların hazırlanması zamanı GenAI vasitələrindən etik qaydada istifadə edə bilərlər. Lakin bu vasitələr insan təfəkkürünü, təhlilini və elmi mühakiməsini əvəz edə bilməz.

GenAI vasitələrindən istifadə zamanı müəlliflər aşağıdakı prinsiplərə riayət etməlidirlər:

  • Əldə edilən məlumatların dəqiqliyini və obyektivliyini yoxlamaq;
  • Generasiya edilmiş məzmunu redaktə edərək öz orijinal baxışlarını əks etdirməsini təmin etmək;
  • İstifadə olunan GenAI vasitəsinin adını və ondan istifadə məqsədini əlyazmanın müvafiq bəyanatında göstərmək;
  • Şəxsi və məxfi məlumatların qorunmasını təmin etmək, seçilmiş vasitənin istifadə şərtlərini nəzərdən keçirmək;
  • GenAI vasitələrindən istifadənin müəllifin məzmuna görə məsuliyyətini azaltmadığını və bu vasitələrə müəlliflik hüququ vermədiyini qəbul etmək. Əlyazmanın məzmununa görə tam məsuliyyət müəllifin üzərinə düşür;
  • Tədqiqat məlumatlarını və ilkin elmi nəticələri əks etdirən şəkillərin yaradılması və ya dəyişdirilməsi üçün GenAI vasitələrindən istifadə etməmək. Müvafiq hallarda, istifadəsi açıqlanmaq və müəlliflərin nəzərdə tutduğu məzmunu dəqiq əks etdirmək şərtilə, izahlı və ya konseptual şəkillərin hazırlanmasında GenAI-dən istifadə edilə bilər.

Rəyçilər üçün

Rəyçilər təqdim olunan əlyazmaları məxfi sənədlər kimi qəbul etməli və onları heç bir GenAI vasitəsinə yükləməməlidirlər. Belə hərəkətlər məxfiliyə, müəllif hüquqlarına və tədqiqat etikasına təhlükə yarada bilər. GenAI vasitələri elmi qiymətləndirməni və tənqidi düşüncəni əvəz edə bilməz. Rəylər insanlar tərəfindən hazırlanmalı və onların məzmununa görə tam məsuliyyət rəyçilərin üzərinə düşməlidir.

Redaktorlar üçün

Redaktorlar müəlliflərin məxfilik hüquqlarının pozulmasına səbəb ola biləcəyi üçün təqdim olunmuş əlyazmaları heç bir GenAI vasitəsinə yükləməməlidirlər. Əlyazmaların elmi qiymətləndirilməsi yalnız insan nəzarəti altında həyata keçirilməlidir.

Jurnalın nəşr prosesində generativ süni intellektdən istifadə

Jurnal texniki və redaksiya mərhələlərində süni intellektə əsaslanan vasitələrdən, o cümlədən generativ süni intellekt vasitələrindən yalnız məlumatların məxfiliyinin qorunması, müəllif hüquqlarına riayət edilməsi və etik prinsiplərin təmin olunması şərtilə istifadə edə bilər.

Bu vasitələr aşağıdakı məqsədlər üçün tətbiq oluna bilər:

  • Təqdim olunan məqalələrin mövzusuna uyğun rəyçilərin müəyyənləşdirilməsinə kömək etmək;
  • Məxfilik qorunmaqla və insan nəzarəti təmin edilməklə korrektə və dil redaktəsi proseslərinə dəstək göstərmək.

Bütün hallarda qərarvermə və yekun qiymətləndirmə insan nəzarəti altında həyata keçirilir.

 

Məxfilik haqqında bəyanat

Redaktorlar təqdim olunmuş əlyazmalarla bağlı məlumatları yalnız rəyçilər və redaksiya prosesində iştirak edən digər redaktorlarla paylaşa bilərlər. İkitərəfli anonim rəyvermə prinsipi çərçivəsində müəlliflərin və rəyçilərin kimliyi qarşılıqlı olaraq məxfi saxlanılır. Redaksiyaya təqdim olunan bütün əlyazmalar məxfi sənədlər hesab olunur və onların məzmunu redaksiya prosesində iştirak etməyən şəxslərə açıqlanmır. Jurnalın veb-saytı və ya məqalə təqdimetmə sistemi vasitəsilə təqdim olunan şəxsi məlumatlardan yalnız jurnalın redaksiya, rəyvermə və nəşr proseslərində istifadə edilir. Bu məlumatların məxfiliyi qorunur və onlar üçüncü tərəflərə açıqlanmır.

 

İnsanların iştirakı ilə aparılan tədqiqatlarda etik prinsiplər

İnsan iştirakçıların cəlb olunduğu tədqiqatlar müvafiq etik standartlara, qanunlara və normativ tələblərə uyğun aparılmalıdır. Tətbiq olunduğu hallarda, iştirakçılardan tədqiqatda iştirak etməzdən əvvəl məlumatlandırılmış razılıq alınmalıdır. Tədqiqatın bütün mərhələlərində iştirakçıların şəxsi həyatının toxunulmazlığı, məxfiliyi, hüquqları və rifahı qorunmalıdır.

 

Heyvanlar üzərində aparılan tədqiqatlarda etik prinsiplər

Heyvanların iştirak etdiyi tədqiqatlar müvafiq etik standartlara, qanunlara və normativ tələblərə uyğun aparılmalıdır. Tədqiqatçılar heyvanların rifahını qorumaq, ağrı, əzab, stress və lazımsız zərəri minimuma endirmək üçün müvafiq tədbirlər görməlidirlər. Tətbiq olunduğu hallarda heyvanlar üzərində aparılan tədqiqatlar müvafiq institusional qurumun və ya etik komitənin əvvəlcədən razılığını almalıdır. Bu tədqiqatlarda heyvanlarla etik davranış və onların humanist şəkildə istifadəsinə dair beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və təlimatlara riayət olunmalıdır.

 

Düzəlişlər və məqalələrin geri çəkilməsi siyasəti

Nature & Science jurnalı dərc olunmuş məqalələrin elmi bütövlüyünün, dəqiqliyinin və etibarlılığının qorunmasına sadiqdir.

Düzəlişlər: Tədqiqatın ümumi etibarlılığına və ya əsas nəticələrinə təsir göstərməyən səhvlər dərc olunmuş məqalədə düzəldilə bilər.

Məqalələrin geri çəkilməsi: Plagiat, məlumatların saxtalaşdırılması və ya təhrif edilməsi, təkrar nəşr, yaxud nəticələrin etibarlılığına dair ciddi şübhələr də daxil olmaqla, mühüm etik pozuntular aşkar edildikdə məqalə geri götürülə bilər. Məqalənin geri çəkilməsi barədə bildiriş həmin məqalə ilə birlikdə dərc olunur və daimi olaraq əlçatan qalır. Bildirişdə geri çəkilmə səbəbi aydın şəkildə göstərilir. Bu məqalələr jurnalın arxivində saxlanılır və üzərində “Geri çəkilmişdir” qeydi yerləşdirilir.

 

Rəyçilər üçün etik prinsiplər

Rəyçilər obyektivlik, qərəzsizlik və ədalətli qiymətləndirmə prinsiplərinə uyğun davranmalıdırlar. Müəlliflərin cinsindən, irqindən, dinindən, milliyyətindən və ya siyasi baxışlarından asılı olmayaraq, bütün əlyazmalar yalnız elmi məzmununa əsasən obyektiv qiymətləndirilməlidir. Rəy verilən əlyazmalar məxfi sənədlər hesab olunur. Onların məzmunu üçüncü tərəflərlə paylaşılmamalı və şəxsi məqsədlər üçün istifadə edilməməlidir. Rəyçilər maraqlar toqquşması yarandıqda dərhal redaktoru məlumatlandırmalı və zərurət olduqda qiymətləndirmə prosesindən kənarlaşmalıdırlar.

Rəy hazırlanarkən məqalənin elmi keyfiyyəti, orijinallığı və metodoloji əsaslandırılması nəzərə alınmalı, əsaslandırılmış rəy təqdim edilməli və rəy müəyyən edilmiş müddət ərzində göndərilməlidir.

Müəlliflər üçün etik prinsplər

Müəlliflər jurnalın etik tələblərinə əməl olunmasını təmin etməyə görə məsuliyyət daşıyırlar. Məqaləni redaksiyaya təqdim edərkən onlar aşağıdakı tələblərə riayət etdiklərini təsdiqləməlidirlər:

  • Təqdim olunan əlyazma müəllifin və ya müəlliflərin orijinal işi olmalı, əvvəllər dərc edilməməli və eyni vaxtda başqa jurnala təqdim olunmamalıdır.
  • Məqalədə təqdim olunan məlumatlar düzgün, dəqiq və etibarlı olmalıdır.
  • Bütün müəlliflərin razılığı alınmalı və müəlliflik düzgün göstərilməlidir.
  • Əlyazmanın hazırlanmasında istifadə olunan bütün mənbələrə müvafiq qaydada istinad edilməlidir.
  • Tədqiqatın maliyyələşmə mənbələri və sponsorları aydın şəkildə göstərilməlidir.
  • Mövcud olduğu hallarda şəxsi, peşəkar və ya maliyyə xarakterli maraqlar toqquşması açıqlanmalıdır.
  • Plagiata, məlumatların saxtalaşdırılmasına və eyni tədqiqatın bir neçə jurnalda dərc edilməsinə yol verilməməlidir.

Redaktor üçün etik prinsiplər

Redaktorlar redaksiya prosesi boyunca obyektivliyin, şəffaflığın və elmi dürüstlüyün təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Əlyazmalar müəlliflərin cinsindən, irqindən, dinindən, milliyyətindən və ya siyasi baxışlarından asılı olmayaraq, yalnız elmi keyfiyyətlərinə əsasən qiymətləndirilir. Redaksiya qərarları məqalənin elmi keyfiyyətinə, orijinallığına, aktuallığına və jurnalın əhatə dairəsinə uyğunluğuna əsaslanmalıdır. Redaktorlar maraqlar toqquşmasından yayınmalı və belə hal mövcud olduqda müvafiq əlyazmanın idarə olunmasından kənarlaşmalıdırlar. Rəyçilər elmi ixtisaslaşmaları və mövzu üzrə bilikləri nəzərə alınmaqla seçilir. Bununla ədalətli və şəffaf rəyvermə prosesi təmin edilir. Təqdim olunan bütün əlyazmalar məxfi sənədlər kimi qəbul edilir və yalnız səlahiyyətli redaksiya əməkdaşları və rəyçilərlə paylaşılır. Şəffaflığı və ədalətliliyi təmin etmək üçün müəlliflərlə rəyçilər arasında yazışmalar redaksiya vasitəsilə həyata keçirilir. Etik pozuntu hallarında jurnalın etik siyasətinə uyğun müvafiq tədbirlər görülür.

 

Əlyazmaların təqdim edilməsi

Məqalələr jurnala aşağıdakı üsullarla təqdim edilə bilər:

  1. Onlayn təqdimetmə sistemi: Jurnalın rəsmi veb-saytında yerləşən “Məqalə göndər” bölməsi vasitəsilə: https://aem.az/nature-science?view_type=send_article
  2. Elektron poçt vasitəsilə: nature.science2000@aem.az; info@aem.az

 

Rəyvermə prosesi

Nature & Science jurnalına təqdim olunan məqalələr ikitərəfli anonim rəyvermə (double-blind peer review) prosesindən keçirilir. Bu prosesdə həm müəlliflərin, həm də rəyçilərin kimliyi qarşı tərəfdən gizli saxlanılır ki, qiymətləndirmənin obyektivliyi və ədalətliliyi təmin edilsin.

Təqdimetmə və ilkin yoxlama

Məqalə təqdim edildikdən sonra ilkin redaksiya yoxlamasından keçirilir. Bu mərhələdə əlyazmanın formal tələblərə (format, struktur, dil, istinad üslubu və s.) uyğunluğu yoxlanılır və jurnalın əhatə dairəsinə uyğunluğu qiymətləndirilir. Daha sonra əlyazma StrikePlagiarism antiplagiat proqramı vasitəsilə plagiat yoxlamasından keçirilir. İlkin yoxlama tələblərinə cavab verən əlyazmalar rəyçilərin təyin edilməsi mərhələsinə keçir.

Rəyçilərin təyin edilməsi

Bu mərhələdə məqalə müvafiq akademik ixtisasa və tədqiqat təcrübəsinə malik üç müstəqil rəyçiyə göndərilir. Rəyçilər yerli və beynəlxalq ekspertlər arasından seçilir və onların kimliyi müəlliflərdən gizli saxlanılır.

Rəyvermə və qiymətləndirmə

Rəyçilər məqaləni elmi yenilik, metodoloji əsaslandırma, nəticələrin etibarlılığı və müvafiq elm sahəsinə töhfəsi baxımından qiymətləndirirlər.

Rəyvermə müddəti və geribildirim

Redaksiya adətən ilkin rəyləri 6–8 həftə ərzində alır. Bununla belə, tələb olunan düzəlişlərin həcmindən asılı olaraq ümumi rəyvermə və qərarvermə prosesi daha uzun çəkə bilər.

Redaksiya qərarı

Rəyvermə başa çatdıqdan sonra müvafiq sahə üzrə redaktor rəyçilərin rəylərini və tətbiq olunduğu hallarda müəlliflərin cavablarını nəzərdən keçirərək məqalənin qəbul edilməsi, düzəlişə göndərilməsi və ya imtina edilməsi barədə tövsiyə verir. Yekun redaksiya qərarı baş redaktor tərəfindən qəbul edilir.

Düzəlişlər və yenidən təqdimetmə

Düzəliş tələb olunduqda, müəlliflər rəyçilərin və redaktorların irad və təkliflərini nəzərə almalı, yenidən işlənmiş əlyazmanı redaksiyaya təqdim etməlidirlər. Müəlliflərlə bütün yazışmalar redaksiya vasitəsilə aparılır.

Qəbul olunmuş məqalələrin nəşri

Nəşrə qəbul edilmiş əlyazmalar dərc olunmazdan əvvəl elmi redaktə, korrektə və formatlaşdırma mərhələlərindən keçirilir. Son variant hazır olduqdan sonra məqalələr jurnalın rəsmi veb-saytında onlayn və çap formatında dərc olunur.

Nəşr haqqı

Nature & Science jurnalında məqalələrin dərc edilməsi üçün məqalənin nəşrə hazırlanması və emalı haqqı (Article Processing Charge — APC) tətbiq olunur. Bu ödəniş yalnız məqalə nəşrə qəbul edildikdən sonra həyata keçirilir.

Ödənişlə bağlı suallar üçün:

  • nature.science2000@aem.az
  • info@aem.az
  • Telefon: +994 99 805 67 68; +994 50 209 59 68

Açıq giriş bəyanatı

Nature & Science jurnalı 2019-cu ildən açıq giriş (Open Access) prinsipi ilə fəaliyyət göstərir. Dərc olunmuş məqalələrin tam mətnləri abunə və ya giriş haqqı tələb olunmadan jurnalın rəsmi veb-saytının Arxiv (https://aem.az/nature-science?view_type=archive) bölməsində sərbəst şəkildə əlçatandır. Məqalələr Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyası əsasında dərc olunur. Lisenziya haqqında məlumat 2024-cü ildən etibarən çap versiyasında da göstərilir (Cild 6 Sayı 8).

 

Arxivləşdirmə siyasəti

Dərc olunmuş məqalələr uzunmüddətli rəqəmsal qorunmanın təmin edilməsi məqsədilə Internet Archive və Azərbaycan Milli Kitabxanasında arxivləşdirilir. Müəlliflər dərc olunmuş məqalələrinin versiyasını Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyasının şərtlərinə uyğun olaraq institusional və ya digər açıq repozitoriyalarda yerləşdirə bilərlər.

 

Lisenziyalaşdırma və müəllif hüquqları

Jurnalda dərc olunan bütün məqalələr Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0) lisenziyası əsasında yayımlanır. Müəllif bütün hüquqlarını özündə saxlayır.

Bu lisenziya istifadəçilərə aşağıdakı hüquqları verir:

  • Paylaşmaq: Materialı istənilən daşıyıcıda və formatda köçürmək və yenidən yaymaq.
  • Uyğunlaşdırmaq: Materialı yenidən işləmək, dəyişdirmək və onun əsasında yeni məzmun yaratmaq.

Lisenziyanın şərtlərinə əməl edildiyi müddətdə lisenziya verən tərəf bu azadlıqları geri götürə bilməz.

Lisenziyanın əsas şərtləri:

  • Müəllifin göstərilməsi (BY): Müvafiq müəlliflik istinadı verilməli, lisenziyaya keçid təqdim edilməli və dəyişiklik edilib-edilmədiyi bildirilməlidir. Bu, lisenziya verənin istifadəni dəstəklədiyi təəssüratını yaratmayan istənilən ağlabatan üsulla edilə bilər.
  • Qeyri-kommersiya istifadəsi (NC): Materialdan kommersiya məqsədləri üçün istifadə edilə bilməz.
  • Əlavə məhdudiyyətlərin olmaması: Lisenziyanın icazə verdiyi hərəkətləri məhdudlaşdıran hüquqi şərtlər və ya texnoloji tədbirlər tətbiq edilə bilməz.

İctimai mülkiyyətdə olan materiallara və ya qanunvericiliklə müəyyən edilmiş istisna və məhdudiyyətlər çərçivəsində istifadəsinə icazə verilən elementlərə gəldikdə, lisenziyanın şərtlərinə riayət etmək tələb olunmur.

Lisenziya çərçivəsində heç bir zəmanət verilmir. Lisenziya konkret istifadə üçün bütün zəruri icazələri əhatə etməyə bilər. Məsələn, şəxsi həyatın toxunulmazlığı, şəxsin təsviri və ya mənəvi hüquqlarla bağlı məhdudiyyətlər materialdan istifadəyə təsir göstərə bilər.

Ətraflı məlumat: https://creativecommons.org/licenses/by-nc/4.0/