DOI: https://doi.org/10.36719/XXXX-XXXX/3/23-28
XIV əsr türk ədəbi dilinin inkişafında Qütbün “Xosrov və Şirin” əsərinin rolu
Xülasə. XIII–XIV əsrlər türk ədəbi dilinin inkişafında mühüm və mürəkkəb mərhələlərdən biri kimi səciyyələnir. Bu dövrdə türk xalqlarının siyasi, mədəni və ədəbi həyatında baş verən dəyişikliklər nəticəsində müxtəlif ədəbi dillər formalaşmış, zəngin yazılı ədəbi nümunələr meydana gəlmişdir. Qaraxanlı (xaqaniyyə) və Çağatay türkcələri arasında keçid mövqeyi tutan Xarəzm və Qızıl Orda türkcələri XIII–XIV əsrlərdə türk yazı dili tarixində xüsusi mövqeyə malik olmuşdur. Xarəzm və Qızıl Orda mühitində yaranan əsərlər həmin dövrün dil xüsusiyyətlərini, ədəbi dilin inkişaf proseslərini öyrənmək baxımından mühüm mənbələr hesab olunur. Məqalədə Qütbün XIV əsrdə qələmə aldığı “Xosrov və Şirin” məsnəvisinin türk ədəbi dilinin inkişafındakı rolu araşdırılır. Tədqiqat göstərir ki, bu əsər yalnız tərcümə nümunəsi deyil, həm də türk ədəbi dilinin bədii ifadə imkanlarını nümayiş etdirən müstəqil ədəbi abidədir. Əsərin fonetik, leksik və qrammatik xüsusiyyətləri onun dil tarixində mühüm yer tutduğunu göstərir. Əsərdə müxtəlif türk dili qatlarının və dialekt xüsusiyyətlərinin bir arada müşahidə olunması XIV əsr türk yazı dilləri arasındakı qarşılıqlı əlaqələri əks etdirir. Məqalədə Qütbün “Xosrov və Şirin” əsərinin türk ədəbi dilinin formalaşmasında, klassik Şərq irsinin türk dilində mənimsənilməsində və XIV əsr ədəbi mühitinin öyrənilməsindəki əhəmiyyəti müəyyənləşdirilir.
Açar sözlər: Qütb, Xosrov və Şirin, Qızıl Orda ədəbi dili, oğuz–qıpçaq elementləri, dil xüsusiyyətləri