DOI: https://doi.org/10.36719/XXXX-XXXX/1/59-67
Sumqayıt Dövlət Universiteti
magistrant
nerminbedelova@icloud.com
Məktəbəqədər yaşlı uşaqlarda emosional intellektin inkişafı
Xülasə
Emosional intellekt insanın öz hisslərini tanıması, necə hiss etdiyini başa düşməsi, hisslərini idarə etməsi və eyni zamanda başqalarının hisslərini də anlaması deməkdir. Məktəbəqədər yaş dövrü uşaqların bu bacarıqları öyrənməsi üçün çox vacib yaşdır. Bu dövrdə uşaqlar oyun oynayarkən, dostları ilə ünsiyyətdə olarkən, əməkdaşlıq etdikləri zaman, paylaşmağı, növbə gözləməyi və birgə işləməyi öyrənirlər. Uşaqlar öz hisslərini nə qədər tez tanımağı öyrənsələr, bir o qədər yaxşı dostluq qurmağı, mübahisələri sakit, ədalətli yol ilə həll etməyi və başqalarına hörmətlə yanaşmağı bacararlar. Öz hisslərini tanıya və idarə edə bilən uşaq daha sakit, stresssiz və mehriban olur. Valideynlərin və müəllimlərin rolu əvəz edilməzdir. Uşaqlara bu bacarıqları öyrətmək üçün sadə üsullardan istifadə edə bilərlər. Məsələn: emosiyalar ilə bağlı oyunlar, hekayə oxuyub obrazların necə hiss etdiyini müzakirə edə, hər gün necə hiss etdiklərini göstərən hisslər cədvəli hazırlaya, qrupda dostluq, xeyirxahlıq və müxtəlif mövzularda müzakirələr apara bilərlər. Bu tədqiqatın əsas məqsədi, məktəbəqədər yaş dövründə olan uşaqlarda emosional intellektin formalaşması və inkişaf prosesini araşdırmaq, bu prosesə təsir edən əsas amilləri yəni ailə, müəllim, mühit və pedaqoji metodları müəyyənləşdirmək və bu istiqamətdə istifadə edilə biləcək effektiv pedaqoji yanaşmaları təqdim etməkdir. Tədqiqat həmçinin emosional intellektin uşaqların sosial, psixoloji və tədris uğurlarına necə təsir etdiyini göstərməyi hədəfləyir. Bu tədqiqatda kəmiyyət və keyfiyyət yanaşmalarının kombinasiyalarından istifadə oluna bilər. Məlumatların müşahidə formasında öyrənilməsi, müəllimin qeydləri, uşaqların verdiyi cavablar və qrafik qeydiyyatları əsasında toplana bilər. Nəticə olaraq, emosional intellektin inkişafı uşaqlara stressə qarşı daha dözümlü olmağı, sosial münasibətlərdə uğur qazanmağı və məktəb həyatında daha yaxşı nəticələr göstərmək imkanı verir. Bu bacarıq uşaqların yalnız fərdi deyil, həm də cəmiyyətdə daha sağlam, mərhəmətli, ədalətli insanlar kimi formalaşmasına kömək edir. Beləliklə, emosional intellekt uşaqların həm şəxsi, həm də sosial həyatında uğurlu olmaları üçün çox vacibdir və erkən yaşlardan inkişaf etdirilməlidir.
Açar sözlər: sosial bacarıqlar, empatiya, hisslər, valideyn, inkişaf