https://doi.org/10.36719/2789-6919/40/9-14

Yeganə Hüseynova

Gəncə Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

yeganesabirhuseynli@gmail.com

https://orcid.org/0000-0001-7431-0325

 

Milli-istiqlal mübarizəsinin poetik salnaməsi

 

Xülasə

Şeirlərində özünün poetik üslubunu müəyyənləşdirən, poema­­­larında yeni ictimai konflikt və kolliziyalar təsvir edən Bəxtiyar Vahabzadənin poema yaradıcılığın­dakı keyfiyyət dəyişikliyi bir tərəfdən müharibədən sonrakı dünyada gedən proseslərlə əlaqəli idisə, digər tərəfdən 50-ci illər Azərbaycanında millilik əhvali-ruhiyyəsinin artması ilə bağlı idi. Bu mənada Bəxtiyar Vahabzadənin poemalarının mövzu və məzmununda nəzərə çarpan miqyas genişliyi, yalnız keçmiş sovet məkanında cərəyan edən xaotik hadisə və proseslərlə məhdudlaşıb qalmır. Doğrudur, keçmiş Sovetlər Birliyində, o cümlədən Azərbaycan gerçəkliyində elə mühüm və aktual problemlər yoxdur ki, şairin ümumi yaradıcılığında ona toxunulmasın, münasibət ifadə olunmasın. Bu, əlbəttə, onun narahat yaradıcılıq xarakterinin bir əlamətdar xüsusiyyətidir. Digər tərəfdən, elə mövzulara və problemlərə rast gəlmək olur ki, şair onu yalnız milli məhdud çərçivə daxilində deyil, daha geniş və miqyaslı sərhədlər hüdudunda münasibət müstəvisinə çıxarmağa meyl və cəhd göstərir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadənin poemalarında yeni  mövzu və problematikaya gətirir. Şair poemalarında bəzən zamanı və məkanı dəyişməklə, əslində Azərbaycanda gedən prosesləri də qələmə alırdı. Bəxtiyar Vahabzadənin belə əsərlərindən biri də “Əbədi heykəl”dir. Əsərdə norveçlilərin faşist əsarətindən xilas olunması uğrunda  mübarizəsi psixoloji qatlarla təsvir edilir. Şairin alman əsgəri Verterin (əslində əsərdə adın özü də təsadüfi seçilməyib, V.Hötenin “Gənc Verterin iztirabları” əsəri ilə assosiasiya təşkil edir) psixoloji planda təsvir etməsi poemanın psixoloji planda inkişafını şərtləndirir. Digər epik əsərlərində olduğu kimi, bu əsərində də Bəxtiyar Vahabzadə hadisə və təfərrüatı, cərəyan edən təzadlı və ziddiyyətli situasiyaları təbiətlə, təbii amillərlə sıx əlaqə və vəhdətdə ifadə etməyə təşəbbüs göstərir. Ümumiyyətlə, dünyada, Qərb dünyasında baş verən ictimai-siyasi proseslərlə yanaşı Bəxtiyar Vahabzadəni bu cəmiyyətdəki real gerçək­liklər, mənəvi-əxlaqi aşınmalar, böhran və deqradasiyalar da eyni dərəcədə düşündürürdü.

Açar sözlər: Vətən, yaradıcılıq, şair, insan, cəmiyyət


Baxış: 248