https://doi.org/10.36719/2706-6185/44/41-48
Sitarə Mustafayeva
Bakı Dövlət Universiteti
tarix elmləri üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-8829-44-77
sitaramustafayeva@bsu.edu
Qəbələ RLS-si və raket əleyhinə müdafiə sistemləri ilə bağlı
Rusiya-ABŞ əməkdaşlığı problemi
Xülasə
2002-ci ildə ABŞ-nin 1972-ci il Raket əleyhinə müdafiə sistemləri ilə bağlı müqaviləsindən çıxması ona NATO ölkələrinin strateji təhlükəsizliyini təmin etməli olan qlobal milli raketdən müdafiə sisteminin yaradılması proqramını həyata keçirməyə imkan verdi. ABŞ-nin raket əleyhinə müdafiə sisteminin elementlərinin Polşa və Çexiyada (Üçüncü Mövqe Ərazisi) yerləşdirilməsi ilə bağlı layihə Rusiyanın kəskin tənqidinə səbəb oldu. 2007-ci ildə Rusiya Federasiyasının prezidenti V. V. Putin ABŞ prezidenti Corc Buşa Amerikanın Şərqi Avropada raket əleyhinə müdafiə sistemin elementlərinin yerləşdirilməsinə alternativ olaraq Qəbələ RLS-dən və Armavir şəhərində tikilməkdə olan yeni nəsil RLS-dən birgə istifadə etmək təklifi ilə çıxış etdi. Azərbaycan Respublikası ərazisində yerləşən və Rusiya Federasiyası tərəfindən icarəyə götürülən (2012-ci ilə qədər) Qəbələ stansiyası təkcə bu ölkənin deyil, bütün Cənubi Qafqaz regionunun strateji təhlükəsizliyinin təmin edilməsində uzun müddət mühüm əhəmiyyət kəsb edir. Rusiya, ABŞ və Azərbaycan nümayəndələri arasında üçtərəfli məsləhətləşmələrdən sonra Vaşinqton bəyan etdi ki, modernləşdirmədən sonra Qəbələ radiolokasiya stansiyası Amerikanın raketdən müdafiə sistemi Üçüncü Mövqe Ərazisinə əlavə kimi istifadə oluna bilər, lakin bu Rusiyanın milli maraqlarına zidd idi. ABŞ-nin bu məsələdə mövqeyi Rusiya-Amerika münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb oldu.
Açar sözlər: Qəbələ RLS, RƏM üzrə Rusiya-Amerika əməkdaşlığı, Rusiya Federasiyası, Azərbaycan Respublikası, Amerikanın raketdən müdafiə sistemi