Açar sözlər: Azərbaycan dili, morfoloji metod, terminyaratma, sözyaratmanın xüsusiyyətləri, Azərbaycan dilinin məhsuldar şəkilçiləri
Keywords: azerbaijanian language, morphological method, term formation, word-formation features, productive suffixes of the Azerbaijani language
Ключевые слова: aзербайджанский язык, морфологический способ, терминообразование, словообразовательные особенности, продуктивные суффиксы азербайджанского языка
Bildiyimiz kimi, istənilən bir sahənin mütəxəssisləri hansı dilin və mədəniyyətin daşıyıcısı olmasından asılı olmayaraq, xüsusi leksikadan yerli- yerində peşəkar səviyyədə istifadə edə bilməlidirlər. Bu xüsusi leksika mütəmadi olaraq dəyişir, yeni vahidlərlə zənginləşir, özündə sosial-mədəni inkişafı ehtiva edir. Müasir dövrümüzdə terminologiyanın öyrənilməsi yalnız elmi məqsəd güdmür, bu, həmçinin, təcrübi cəhətdən də olduqca əhəmiyyətlidir. Bütün bunları nəzərə alaraq terminlər sistemini öyrənərkən onların hansı yollarla və necə əmələ gəldiyini tədqiq etmək də dilçilik üçün vacib məsələlərdən biridir. Terminlərin yaranma prosesini ümumi söz yaradıcılığı prosesindən ayrı təsəvvür etmək olmaz. Terminlər də, digər sözlər kimi, mövcud sözlər və söz kökləri əsasında yaranır, həm dilin daxili imkanları hesabına, həm də digər dillərdən keçən alınma sözlər hesabına zənginləşir.