Açar sözlər: müəllif tərcüməsi, bədii tərcümə, müəllif-tərcüməçi
Key words: author's translation, artistic translation, author-translate
Ключевые слова: авторский перевод, художественный перевод, автор-переводчик
Tərcümə və tərcümə işi problemi indiyədək dilçiliyin, ədəbiyyatşünaslığın, komparativistikanın və s. aktual və maraqlı problemlərindən biridir. S.V. Tülenev haqlı olaraq qeyd etmişdir ki, "tərcüməyə müxtəlif cür tərif vermək olar və bundan asılı olaraq müzakirə və təhlil sahəsinə müxtəlif (lakin sözsüz ki, bir-biri ilə əlaqəli olan) hadisələr daxil ola bilər" (1, с. 9). O.S. Axmanovanın dilçilik terminləri lüğətində “tərcümə” termininə belə tərif verilir: “1. Adətən ikidilli leksikoqrafiyada, müqayisəli semantik araşdırmalarda və s. iki və daha artıq dillərin onların vahidləri arasında semantik uyğunluğu tapmaq məqsədilə qarşılaşdırılması. 2.Verilmiş nitq məhsulundakı informasiyanın başqa dil vasitələri ilə ötürülməsi. 3. Başqa dildə elə bir ifadə vasitələrinin təsviri ki, bu ifadə vasitələri o dilə nəinki yalnız verilmiş nitq məhsulundakı müxtəlif informasiyanın ötürülməsini, həmçinin yeni mətnin əvvəlki mətnlə həm də formaca (daxili və xarici) tam uyğunluğunu təmin etsin, bu da bədii mətnin tərcüməsində zəruridir” (2).