Açar sözlər: tədqiqat xarakterli təlim, yaradıcı düşünmə qabiliyyəti, öyrənənlərin fəal dərketmə mövqeyi, problemli situasiya
Key word's: research-based learning, creative thinking, active positioning of learners, problematic situation
Ключевые слова: научное обучение, творческое мышление, активное позиционирование учащихся, проблемная ситуация
Yeni təlim texnologiyaları hər hansı mövzunun tədrisi zamanı tətbiq edilərkən yeni öyrənmə modellərinə müraciət olunmasını tələb edir. Öyrənmə modelləri təlim prosesinin səmərəliliyinə təminat yaradan güclü faktordur. Zaman dəyişdikcə, təhsilin məzmunu da müvazi olaraq dəyişilməli və dövrün tələblərinə cavab verməlidir. Müasir öyrənmə modelləri məhz çağdaş dünyamızın təhsil sahəsində önəm verdiyi istiqamətlərdəndir.
Məlumdur ki, ənənəvi öyrənmə prosesində öyrədən əsasən aparıcı mövqeyə malik olur, daha çox özü danışır, təhlili də, ümumiləşdirməni də bir qayda olaraq özü aparır, öyrənənlər isə bir çox hallarda passiv, yalnız müşahidəçi kimi müəllimi dinləyir, onun dediklərini qəbul edir. Təlim prosesi bir növ avtoritar (qeyri-demokratik) xarakter daşıyır.