Açar sözlər: respublika, vətəndaşlar, hüquq, azad qadın, demokratik quruluş
Key words: republic, citizens, law, freedom of women, democratic structure
Ключевые слова: республика, граждане, право, свобода женщин, демократическая структура
XX əsrin ikinci onilliyində Quzey Azərbaycan Xalq Cumhuriyyətinin və Güney Azərbaycan «Azadistan» dövlətinin yaradılması XIX əsrin sonu XX əsrin əvvəllərində hər iki Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi idi. Beşiyi başındaHəsən bəy Zərdabinin, Əlibəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəy Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Şeyx Məhəmməd Xiyabaninin və başqa onlarla Azərbaycan ziyalısının durduğu milli-demokratik hərəkat sonda Azərbaycan Xalq Cumhuriyyətini və «Azadistan» dövlətini doğurdu. Onlar öz ictimai-siyasi, ədəbi və maarifçilik fəaliyyətləri ilə xalqımızın milli şüurunun oyanıb inkişaf etməsinə mühüm təsir göstərmişdir. Öz ideya siyasi qaynaqlarını xarici dövlətlərdən alan solçu sosialistləri və bolşevikləri çıxmaq şərtilə Azərbaycan demokratlarının əksəriyyəti müstəqillik tərəfdarı olmuşdur. Onlar Cumhuriyyət quruluşunun mahiyyətini şərh etmiş, xalqda Cumhuriyyət quruluşu haqqında ümumi təsəvvür yaratmağa çalışmışlar.