Açar sözlər: transformasiya, transliterasiya, transkripsiya, xüsusi adlar, tərcümə
Key words: transformation, transliteration, transcription, proper names, translation
Ключевые слова: трансформация, транслитерация, транскрипция, собственные имена, перевод
Coğrafi adları bəşəriyyətin mənəvi mədəniyyətinin ən qiymətli abidələrindən biri hesab etmək olar. Onlar nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır. Coğrafi adların informasiya potensialı çox böyük və müxtəlifdir. Hər bir ad özündə istinad etdiyi obyektin müəyyən xüsusiyyətini daşıyır. Bu, tarixi, coğrafi və linqvistik problemlərin həllində, məsələn, obyektin tarixən harada yerləşməsi, hansı xalqa məxsus olması haqqında mühüm rol oynayır.
Bu məqalədə bəzi fransız toponimlər və antroponimləri araşdırılır.
Toponim və antroponimlərin bir dildən başqa dilə transformasiyası zamanı qarşıya, əsasən, iki problem çıxır. Bunlardan birinə onların tələffüzü zamanı, digərinə isə yazılışı və ya qrafik ifadəsi zamanı rast gəlmək olur. Hər iki problemin həll edilməsi bu sahə üzrə mütəxəssislərin qarşısında böyük vəzifələr qoyur. Aydındır ki, coğrafi adların şifahi səslənmə yolu ilə əmələ gəlməsi əsas rola malikdir və xronoloji nöqteyi-nəzərdən daha qədim tarixə söykənir.