Açar sözlər: Əsasnamə, şəhər özünüidarəetməsi, Bakı şəhər Duması, seçkilər, deputatlar, fəaliyyət
Key words: Statue, urban self-governance, Baku city Duma, elections, deputies, activities
Ключевые слова: Правила, городское самоуправление, Бакинская Городская Дума, выборы, депутаты, деятельность
Çar Rusiyası Cənubi Qafqazı işğal edəndən sonra onun sərvətlərindən kifayət qədər faydalanmaq məqsədilə bir sıra- inzibati, iqtisadi, mədəni, sosial-siyasi və s. – islahatlar hazırlayıb həmin ərazilərdə də tətbiq etməyə başladı. Həmin islahatlar sırasına şəhər özünüidarəsinin yaradılması da daxil idi. Bu məqsədlə “Şəhər əsasnaməsi” hazırlanıb 16 iyun 1870-ci ildə qəbul edilmişdi. Doğrudur, həmin əsasnamə özgə xalqların yaşadığı ərazidə yerləşən mərkəzlərdə yerli xalqların mədəni və inzibati idarə “şüurunun aşağı olması” bəhanəsi ilə dərhal tətbiq eidlmədi. Ancaq XIX əsrin ortalarından ölkədə - Rusiyada özünü getdikcə aydın şəkildə göstərən kapitalist münasibətləri həmin əsrin 70-ci illərində Bakı şəhərində də nəzərə çarpmağa başlamışdı. Bu işdə Bakıda neft sənayesinin inkişaf etməsi nəticəsində Bakı şəhərinin getdikcə Rusiyanın qabaqcıl sənaye mərkəzlərindən birinə çevrilməsi də öz rolunu oynayırdı.