Açar sözlər: dodaq və damaq yarıqları, rinolaliya, loqopediya, diaqnostika, nitq
Key words: cleft lip and palate, rhinolalia, speech therapy, diagnosis, speech
Ключевые слова: расщелины губ и нёба, ринолалия, логопедия, диагностика, речь
Dodaq və damaq yarıqları ilə şərtlənmiş açıq rinolaliya loqopediya, psixologiya və tibb elminin bir çox sahələrinin tədqiqat obyektidir. Bu patologiya ağız və burun boşluğunun təcridini istisna edib, uşağın anadan olduğu vaxtdan psixo-fiziki inkişafını ağırlaşdıran funksional pozulmaların yaranmasına gətirib çıxarır. Açıq rinolaliyanın korreksiyası cərrah, ortodont, loqoped və psixoloq - pedaqoq kimi mütəxəs sislərin sistemli və ardıcıl kompleks təsirini nəzərdə tutur.
Aparılan tədqiqatlar göstərir ki, dodaq və damaq yarıqlarının meydana çıxması hamiləliyin 2-3 ayında nitq aparatının periferik hissəsinin embrion mərhələdə inkişafdan qalması səbəbindən baş verir. Rüşeymin inkişafında belə ağır pozulmanın mənşəyi toksoplazmoz, ananın hamiləlik dövründə düzgün qidalanmaması və psixi zədələnmələr hesab edilir.
Qeyd etmək vacibdir ki, yarıqlar başdan-başa, tam və ya natamam, ikitərəfli və ya birtərəfli sağ və ya sol tərəfli olurlar. Başdan-başa yarıqlar üst dodaqdan başlayaraq üst çənə, yumşaq və sərt damaq boyunca dilçəyə qədər ola bilir. Bəzən dilçəyin paralanması da müşahidə edilir.