https://doi.org/10.36719/2789-6919/40/48-51
Adil Balıyev
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-2407-5392
“Azərbaycan dili” mətnləri kommunikativ səriştə formalaşdırma
vasitəsi kimi
Xülasə
Məqalədə müasir “Azərbaycan dili” dərsliklərindəki mətnlər ənənəvi dərsliklərdəki mətnlərlə müqayisə edilir və mətn üzrə işdə şagirdlərdə kommunikativ səriştə formalaşdırmağın imkanları araşdırılır. Bunun üçün, ilk növbədə, mətn, mətnşünaslıq, mətnin şifahi və yazılı formaları, mətnin həcmi, məzmunu, strukturu, kompozisiya və konstruksiyası, mətn seçmənin linqvo-didaktik şərtləri, mətni təşkil edən hissələr, mətn situasiyalarının şagirdlərin maraq dairəsinə uyğunlu və s. kimi anlayışlara aydınlıq gətirilir, mətn üzrə işlərdə reallaşan məzmun standartlarının kommunikativ bacarıqlara təsiri məsələləri təhlil edilir. Göstərilir ki, mətn üzrə işlərin düzgün qurulması şagirdlərin kommunikativ, koqnitiv və estetik bacarıqlarını müsbət mənada təkmilləşdirir, onların ümumi nitq mədəniyyətini formalaşdırır. Əsaslandırılır ki, kommunikativ bacarıqları formalaşdıran mətnin həcm böyüklüyü, informasiya bolluğu deyil, məzmun xətləri üzrə işin, mətnlərdən dil qaydalarına keçidin inteqrativ əsasda təşkilidir. Ən vacibi də odur ki, müəllim təlim prosesində öncə mətni tam dərk etməli, yarana biləcək problemləri vaxtında aradan qaldırmalıdır.
Açar sözlər: müasir dərslik, mətnin məzmunu və strukturu, mətn seçmə şərtləri, mətnin formaları, mətnin konstruksiya və kompozisiyası, kommunikativ səriştə