https://doi.org/10.36719/2663-4619/109/28-32
Sevinc Sadıqova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-8720-3262
Azərbaycan dilinin dövlət dili kimi işlənməsi tarixi
Xülasə
Məqalədə Azərbaycan dilinin dövlət dili kimi işlənməsi tarixi, müasir dövrdə Azərbaycan dilinə dövlət qayğısı məsələləri araşdırılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan dili hər bir azərbaycanlının milli-mənəvi sərvəti, milli qürur mənbəyi, milli varlığıdır. Olduqca qədim təşəkkül tarixinə malik olan Azərbaycan dili geneoloji bölgüyə görə türk dilləri qrupunun oğuz yarımqrupuna, tipoloji bölgüyə görə aqlütinativ (iltisaqi) dillər qrupuna daxildir. Zamanın ağır sınaqlarından çıxaraq əsrlər boyunca varlığı qorunmuş Azərbaycan dili bu gün dünyanın inkişaf etmiş dillərindən biridir. Azərbaycan dili dünya dilləri sırasında həmişə öz nüfuzunu qorumuş, hətta Avropada geniş yayılmış dillərlə müqayisə edilmişdir. Belə ki M. Y. Lermontov Qafqazda olarkən öz müşahidələrinə əsaslanaraq qeyd edirdi ki, fransız dilini bilərək bütün Avropanı gəzmək mümkün olduğu kimi, Azərbaycan dilini bilərək Qafqazı və Asiyanı bütövlükdə gəzib dolaşmaq mümkündür. Bu fakt onu deməyə əsas verir ki, fransız dilini bilmək Avropada nə qədər zəruri idisə, Qafqazda və Asiyada Azərbaycan dilini bilmək də o qədər zəruri, vacib idi. Bundan əlavə, alman şairi F. Bodenşted yazırdı ki, Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili (Azərbaycan dilini) bilmək kifayət edərdi.
Açar sözlər: Azərbaycan dili, dövlət dili, əsas ünsiyyət vasitəsi, konstitusiya