Arxiv
ELMİ İŞ - 2025
Aysu Mahir qızı Baxşəliyeva
Bakı Slavyan Universiteti
aysu_1999fa@icloud.com
“DİL KİMLİYİ” İDEYASININ APARICI FƏLSƏFİ KONSEPSİYALARLA KORRELYASİYASINA DAİR
(klassik alman fəlsəfəsindən strukturalizmə qədər)
Açar sözlər: “dil kimliyi” ideyası, fəlsəfi cərəyan və konsepsiyalar, klassik alman fəlsəfəsi, Humboldt çuluq və neoHumboldt çuluq, strukturalizm
Key words: language identity, philosophy, Humboldtianism and neo-Humboldtianism, structuralism
Ключевые слова: языковая личность, философские тенденции и концепции, классическая немецкая философия, гумбольдтианство и неогумбольдтианство, структурализм
Giriş
“Dil kimliyi” nəzəriyyəsinin təşəkkül tarixini izlədikdə belə bir mütləq qanunauyğunluqla rastlaşmış oluruq: “dil kimliyi” ideyasının (yəni, verilmiş konkret çərçivədə araşdırma obyektini bu və ya digər mərhələdəki “dil kimliyi” ideyasının) təşəkkülü və inkişafı bilavasitə həmin dövrdə hakim olan ideya-nəzəri doktrinalarla şərtlənir. Başqa sözlə desək, verilmiş zaman kəsimindəki “dil kimliyi” ideyasının inkişaf tempi və spesifikası bu və yadigər dərəcədə məhz həmin dövrdə hansı fəlsəfi konsepsiyanın aparıcı mövqeyə malik olmasından asılılıq nümayiş etdirir. Xatırlatmaq kifayətdir ki, “dil kimliyi” ideyasının nəzəri qaynağı kimi dəyərləndirilən V.fon.Humboldt un dilçilik görüşlərinin formalaşmasında Hegel dialektikası mühüm, hətta deyərdik ki, həlledici rol oynamışdır. Humboldt un dil təkamülü konsepsiyasında da bilavasitə Hegel dialektikasının izlərini müşahidə etmək olar. Bununla belə, “onu da qeyd edək ki, ümumi dilçiliyin banisinin linqvistik gö- rüşlərinin formalaşmasında təkcə Hegel ideyaları deyil, ilk növbədə Kant təlimi və eləcə də İ.Fixte və F.Şellinq fəlsəfəsi önəmli rol oynamışdır [1, 234]. Nəzərə alsaq ki, klassik alman fəlsəfəsinin əsas nəzəri doktrinaları sırasında “xalq ruhu” konsepsiyası yer alır, bu zaman həmin fəlsəfi cərəyanın təsiri ilə formalaşmış Humboldt çuluqda “xalq ruhu” ilə fərdi psixologizm məqamlarına diqqət ayrılması tam məntiqəmüvafiq görünür. Humboldt nəinki xalq ruhunun və fərdi ruhun inikası kimi dil və nitq fərqləndirilməsinə diqqət yetirmişdir, dahi dilçi eləcə də yaradıcı şəxslərin, qələm sahiblərin dildən bir “alət” kimi istifadəsində yaranan çətinliklərin bilavasitə həmin dildəki “xalq ruhu”nun inikası səviyyəsilə əlaqələndirmişdir. Bu isə, öz növbəsində, (müasir dilçilik terminologiyası ilə desək) yaradıcı şəxsin dili kimliyinin milli dil kimliyi ilə korrellyasiyası məqamına toxunmaq anlamına gəlir.
Baxış: 1258