Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/136-141

 

Rəsmiyyə Kərimova

Azərbaycan  Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0009-4232-404X

kerimova.resmiyye.@ list.ru

Nərminə İsayeva

Azərbaycan  Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0002-4659-1953

isayeva-91.@ bk.ru

 

Gülxətmi bitkisinin bioloji xüsusiyyəti və dərman əhəmiyyəti

 

Xülasə

 

Malvaceae fəsiləsindən olan gülxətmi bitkisinin dərman əhəmiyyəti çoxdan məlumdur. Araşdırmalar göstərir ki, gülxətmi bitkisi qədim dövrlərdən dərman məqsədi ilə istifadə edilmişdir. Hələ o dövrlərdə Teofrast və Dioskorid bitki haqqında öz yazılarında  bitkinin müsbət keyfiyyətlərini aşkarlayaraq qeydlər etmişlər. Teofrast və Dioskorid bitkiyə yunanca “althaia” hatmi  adını vermişlər. Elə o dövrlərdə Hippokrat, Plini, Qalen, Avesenna kimi tarixi şəxsiyyətlər bitkinin müalicəvi xüsusiyyətlərini aşkarlayaraq, yüksək keyfiyyətlərə malik dərman bitkisi olduğunu göstərirdilər. Teofrast hatmi bitkisindən öskürək, sümük sınıqlarında, dəri zədələnmələrində, Qalen isə şişlərin müalicəsində istifadə edərək belə nəticəyə gəlmişlər ki, bitkinin çiçəkləri – kök, yarpaq və toxuma nisbətən zəif təsir göstərir (Qurbanov, 2009).

Azərbaycan ərazisində  də gülxətmi bitkisi geniş yayılmışdır və el arasında bəlğəmotu, altey, hatmi kimi  tanınmaqdadır. Bitkinin 12 növündən 5 növü Azərbaycanda yayılmışdır. Gülxətmi cinsinə aid olan növlər çoxillik ot bitkiləridir, kök sistemləri yaxşı inkişaf edir. Azərbaycan florasında dərman gülxətmi  aran dağətəyində əsasən, bir çox rayonlarda orta dağ qurşaqlarına qədər çayların ətrafında nəmli çəmənliklərin və kolluqların bitdiyi ərazilərdə  yayılmışdır. Dağətəyi və aran rayonlarında bu bitki sulu yerlərdə, arxların kənarlarında rast gəlinir. Apardığımız müşahidələr göstərir ki, dərman gülxətminin yayılmış olduğu rayonlar torpaq və iqlim şəraitinə görə fərqlənir. Dərman gülxətmi Azərbaycan ərazisində əsas etibarı ilə təbii olaraq münbit torpaqlarda bitir. Bitki tək-tək və ya qruplar halında yayılmışdır. Gülxətmi bitkisı  yarımsəhra bitki örtüyü tipinə aid edilir. Açıq sahələrdə, bəzən kol və ya yarımkol formalı otlar ilə bir yerdə yayılmış, küləyə, quraqlığa və s. kimi ekoloji faktorlara yaxşı uyğunlaşmışdır. Bitkinin yayıldığı ərazidən və iqlim şəraitindən asılı olaraq  gülxətminin kökündə olan seliyin miqdarı dəyişir. Həmçinin, kökün tərkibində saxaroza, alma turşusu, efir yağı, qətranabənzər maddələr, steroidlər, büzüşdürücü maddələr, betain,  piylər, vitamin C,  bundan  əlavə  K, Ca, Mq, Fe, Mn, Cu, Co və s. kimi duzlarla bərabər flaviniodli qlikozidlər, kumarin, fenol turşusu müəyyən edilir. Müasir elmi tibbdə gülxətmi bitkisi dərman məqsədi ilə geniş tətbiq edilir. İlk növbədə gülxətmidən hazırlanan preparatlardan bəlğəmgətirici, öskürək əleyhinə vasitə kimi istifadə edilir. Bitkinin kökündən hazırlanmış məlhəmin yüksək sakitləşdirici xüsusiyyəti olduğundan tənəffüs yollarının sinir uclarının qıcıqlanmasını aradan  qaldırır. Gülxətminin bakteriosid və iltihab əlehinə təsir göstərməsi də sübut edilmişdir. Yarpaqların tərkibindəki polisaxaridlər antioksidant və şişlərə qarşı təsirlidir. Gülxətminin tünd rəngli çiçəkləri daha yüksək antioksidant xüsusiyyətə malikdir. Kosmetologiya sahəsində də bitkidən alınan ekstraktlardan dərinin nəmləndirmək, quruluğu aradan götürmək, sakitləşdirici və yumşaldıcı kimi vasitələrin alınmasında istifadə edilir. Qızartı və dəri qıcıqlanmalarında, səpgilərə, dərinin bərpa prosesinə ətraf mühitin mənfi təsirlərindən qoruma kimi yüksək xüsusiyyətlərə malikdir. Dərman gülxətmidən alınan ekstrakt saç follikullarına (soğanaqlara) təsir edərək onları qıcıqlandırır, uzanmasını sürətləndirir. Bitkiyə olan tələbat gündən-günə artdığından, fioterapevtlərin və mütəxəssislərin diqqət mərkəzindədir və artırılması zərurəti meydana çıxır. Dərman gülxətminin yabanı halda bitdiyi əraziləri tədqiq etmək, bioloji və ekoloji xüsusiyyətlərini öyrənmək, yeni sahələrdə becərmək müasir tibb üçün vacib şərtlərdən biridir.

Açar sözlər: gülxətmi, fito müalicə, bəlğəmotu, xalq təbabəti,  antioksidant, selik, efir yağı


 


Baxış: 37