DOI: https://doi.org/10.36719/2789-6919/45/104-107
Nazilə Rəhimova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0000-0001-7353-7798
rnazile@inbox.ru
Müasir ingilis dilində toponim sözlərin leksik-semantik xüsusiyyətləri
Xülasə
Böyük Britaniya coğrafi adlarını nəzərdən keçirdikdə, onların əksəriyyətinin mənalarının müasir dil daşıyıcıları tərəfindən anlaşılmadığı məlum olur. Bunun əsas səbəbi bu ərazidəki toponimlərin qədim dövrlərə aid olması və sonrakı əsrlərdə səhv tələffüz nəticəsində səhv yazıya alınması, toponimlərin tərkibində əksəriyyət qədim ingilis söz və şəkilçilərinin olması və sairdir. Buna görə də semantik təhlil zamanı coğrafi adın ümumi semantik mənası məhz onu təşkil edən ayrı-ayrı elementlərin semantik analizi əsasında müəyyənləşdirilir. Bu zaman ingilis toponimik adlarının məxsusi xüsusiyyəti olan coğrafi terminlərin aşkara çıxarılması və toponimlərin digər törəmə yollarının müəyyənləşdirilməsi əsas istiqamət təşkil edir. Bəs onda ingilis toponimlərində ən çox rast gəlinən hansı leksemlərdir? Bu suala cavab vermək üçün toponimik adların elə elementlərini seçmək lazımdır ki, onlar dilin müasir leksik tərkibi ilə müəyyən qədər səsləşsin.
İngilis dilli ölkələrin toponimlərinin tərkibində elə elementlər vardır ki, (məsələn, garden, park, village, farm, falls, haven, pool, wood, hill, pard və s.), onlar ümumi xarakter daşıyır və həm İngiltərə, həm ABŞ, həm də Avstraliya toponimikasında məhdudiyyətsiz istifadə olunur. Bununla yanaşı, elə terminlər vardır ki, onlar yerli xarakter daşıyır və əsasən müəyyən bir ərazidə mikrosistemdə yayılmış olur.
Açar sözlər: toponim, onomastika, mürəkkəb adlar, morfoloji, semantik