Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/41/35-38

Fizzə Quliyeva

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0003-0783-8367

qulıyevafize34@gmail.com

 

Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri

 

Xülasə

Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ənənələrinin inkişaf mərhələlərini, bəzək ünsürlərini izləməyə imkan vermişdir. Eneolit dövrünün əsas dekorativ-tətbiqi sənət nümunələri saxsı qablar, az miqdarda muncuq, müxtəlif bəzək əşyaları və metal əşyalardan ibarətdir. Eneolit dövründə saxsı qablar məi­şətin bir hissəsi olmaqla bərabər, insanların ideoloji görüşlərini də əks etdirmiş, bir çox hallarda həm də qoruyucu funksiya daşımışdır. Erkən eneolit dövründə saxsı qabların bəzədilməsində istifadə olunan motivlərə sonrakı mərhələlərdə rast gəlinsə də, bu dövr özünəməxsus naxış üslubu ilə seçilir. Bu dövrdə xüsusilə saxsı qabların bəzədilməsində Dalma təpə üslubu daha geniş yayılmışdır. Bu üsluba Naxçıvan təpənin saxsı qablarında rast gəlirik. Dalma təpə üslubunun əsas xarakterik cəhətlərindən biri naxışların ritmik təkrarıdır. Fikrimizcə, bu naxış üslubu erkən eneolit mərhələsində özünün intibahını yaşamışdır. Dalma təpə üslubu son eneolit dövründə müşahidə olunmur. Bu dövrdə saxsı qabların bir çoxunun dekor həllində sadəliyə üstünlük verilməsinə baxmayaraq, az bir hissəsinin dekor həlli naxış motivlərinin zənginliyi ilə diqqət çəkir. Naxışlar daha səliqəli, daha aramla vurulmuşdur. Naxışlanmada zoomorfik motivlərin tətbiqi meydana gəl­mişdir. Fikrimizcə, heyvanlar aləminə inamla əlaqədar olaraq, totemistik görüşlərin inkişafı heyvan motivlərinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Naxçıvanın orta eneolit dövrü saxsı qabları əsasən Naxçıvantəpə, Xələc, Uçan Ağıl, Uzun Oba yaşayış yerlərindən aşkar olunmuşdur. Orta eneolit dövrü saxsı qab nümunələri üzərindəki naxışlar texniki icra üsullarına görə müxtəlif qruplara bölünə bilər. Saxsı qablar əsasən qabartma, basma, cızma və boyama üsulları ilə bəzədilmişdir. Qabların dibində müəyyən qalınlıqda qırmızı və sarı boya qalıqlarının qalması rəngin yerli ənənələrə əsaslanaraq hazırlanmasına əsas vermişdir. Eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətlərinin kompleks tədqiqi göstərmişdir ki, bu qablar Naxçıvanın qədim tayfalarının dini-mifoloji görüşlərini özündə əks etdirir, qədim tayfaların bədii dulusçuluq sahəsində yaradıcı axtarışlarını sərgiləyir və eneolit mədəniyyətinin, incəsənətinin spesifik xüsusiyyətlərini özündə əks etdirir.

      Açar sözlər: Naxçıvan, dekorativ-tətbiqi sənət, eneolit, keramika, naxış


Baxış: 89