DOI: https://doi.org/10.36719/2663-4619/118/109-112
Nazənin Xanmuradova
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0001-9962-6032
khanmuradovanazenin@gmail.com
Ölçmə vasitələrinin metroloji xüsusiyyətləri və
onların əsas komponentləri
Xülasə
Ölçmə vasitələri hər hansı bir fiziki kəmiyyətin ölçülməsi üçün istifadə edilən qurğular olub, onların dəqiqliyi, həssaslığı, sabitliyi və etibarlılığı ölçmə proseslərinin keyfiyyətini müəyyənləşdirən əsas faktorlar hesab olunur. Bu xüsusiyyətlər ölçmə nəticələrinin düzgünlüyünü təmin etməklə yanaşı, sənaye, elm, tibb və digər sahələrdə dəqiq və etibarlı məlumatların əldə edilməsinə imkan yaradır.Ölçmə vasitələrinin əsas komponentləri bir neçə mühüm hissədən ibarətdir. Bunlardan biri sensor və ya çeviricidir. Sensorlar fiziki kəmiyyətləri (temperatur, təzyiq, sürət, gərginlik və s.) qəbul edərək, onları elektrik və ya başqa növ siqnallara çevirir. Çeviricilər isə bu siqnalları uyğun formaya gətirərək ötürücü elementlərə göndərir. Ötürücü elementlər siqnalların gücləndirilməsi, emalı və digər sistemlərə ötürülməsi funksiyasını yerinə yetirir. Göstərici və ya qeydiyyat cihazları isə alınan siqnalları insan tərəfindən oxuna bilən formatda vizual və ya rəqəmsal şəkildə təqdim edir. Müasir ölçmə sistemlərində siqnal emal modulları da xüsusi rol oynayır, bu modullar alınan məlumatları emal edərək səhvləri minimuma endirməyə kömək edir.Ölçmə vasitələrinin düzgün işləməsi üçün onların kalibrlənməsi və periodik yoxlanılması vacibdir. Kalibrləmə prosesi ölçmə vasitəsinin göstəricilərinin etalon ölçü vasitələri ilə müqayisə olunaraq dəqiqlik səviyyəsinin yoxlanılmasını əhatə edir. Kalibrləmə nəticəsində ölçmə vasitəsində mövcud ola biləcək səhvlər aşkarlanır və düzəlişlər edilir.
Açar sözlər: Ölçmə vasitələri, metrologiya, dəqiqlik, həssaslıq, sensorlar, kalibrləmə, yoxlama, siqnalın işlənməsi, rəqəmsal texnologiyalar, sənaye ölçmələri