DOI: https://doi.org/10.36719/2789-6919/45/157-160
Günel Qafarova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
https://orcid.org/0009-0000-5937-8540
gunelgaffarzadeh@gmail.com
Stiven Spilberq kinematoqrafiyasında səslərin dramaturgiyası
Xülasə
Bu məqalə amerikalı rejissor Stiven Spilberq yaradıcılığında səsin, musiqinin və səssizliyin dramaturji funksiyalarını təhlil edir və onların kino dilindəki estetik və etik rolunu araşdırır. Kino yalnız vizual sənət növü kimi deyil, həm də eşidilən komponentlərin təsiri ilə formalaşan kompleks və çoxqatlı bir ifadə vasitəsi kimi nəzərdən keçirilir. Spilberqin səslə işləmə tərzi fərqlidir. O, səsi yalnız texniki müşayiətçi kimi deyil, həm də emosional və hekayə strukturun ayrılmaz hissəsi kimi istifadə edir. Nəticə etibarilə, Spilberqin kino poetikasında səs vizual komponentlərlə bərabər, həm etik, həm də fəlsəfi dəyər daşıyan, bədii həqiqətə sadiqliyi ifadə edən əsas struktur vahidinə çevrilir. Onun filmlərində səssizlik bəzən qışqırıq qədər güclü emosional reaksiya doğurur, musiqi isə hadisələri danışmaqla yanaşı hiss etdirməyi də bacarır. Bu yanaşma rejissorun tamaşaçını passiv müşahidəçidən aktiv iştirakçıya çevirməyə çalışan, empatiya əsaslı estetik baxışından qaynaqlanır. Məqalədə diqqətçəkən əsas istiqamətlərdən biri rejissorun musiqi ilə işləmə üslubudur. Xüsusilə, bəstəkar Con Vilyamsla qurduğu uzunmüddətli əməkdaşlıq çərçivəsində yaranmış musiqi leytmotivlərinin hekayənin psixoloji dinamikasına təsiri geniş şəkildə təhlil olunur.
Açar sözlər: Stiven Spilberq, kinoda səs, musiqi, səssizlik, audio-vizual, film musiqisi