DOI: https://doi.org/10.36719/2789-6919/44/65-69
Jalə Nağıyeva
Bakı Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0007-5120-829X
jalakhalilova@yahoo.com
Türkdilli xalqlarda simvollaşmanın mifik xarakteri və ümumi kodlaşma sistemi
Xülasə
Mif bütün parametrlərdə daşıdığı funksiya və formalaşdırdığı təsəvvür baxımından dünyanı dərk hadisəsidir. Əski təsəvvürlərə dayanan və özünə qədərkiləri içinə almaq gücündə olan bu düşüncə və təsəvvür modeli xalqların müqəddəsi olaraq geniş müstəvidə bəşər sivilizasiyanın gəldiyi yolu aydınlaşdırmaq gücü və imkanı ilə spesifikləşir. Dünya xalqları müxtəlif səviyyələrdə üzünü keçmişə, ilkinliyə tutmaqla daha aydın, həm də dolğun təsəvvürə malik olmaq üçün sinxron və diaxron yanaşmalarda prosesin gedişini izləməyə daha çox həssaslıq göstərirlər. Şərqdə və qərbdə olan mənzərə və onun bir etnopotensiya olaraq daşınışı fərqli aspektlərdə özünü nümayiş etdirməklə, həm də yaxınlıqlar, oxşarlıqlar səviyyəsində diqqət önünə gəlir. Dünyanın qədim xalqları (həm də mədəniyyət ocaqları), türk, hind, çin, ərəb mənbələrinin şifahi və yazılı qaynaqlar əsasında daşıyıb gətirdikləri tipoloji yanaşmaları və transformasiyaların gedişini sistemli şəkildə izləməyi bir zərurət olaraq qarşıya qoyur. Xalqların qədim mədəniyyət abidələri, folklor yaddaşı, inam və etiqadları, əski təsəvvürləri, gen yaddaşı bir kod olaraq müxtəlif səviyyələrdə qəlibləşmələrə, əhvalat və hekayət kontekstində açılışmalara əsas olur. Hindlilərdə kitab içində kitab kimi daşlaşan abidələr tarixin daha dərin qatlarından sonrakı dövrlərə daşınış modeli ilə spesifikləşir. Türk xalqlarında bunun mədəniyyət hadisəsi olaraq konseptləşməsi şifahi ənənəyə, ötürücülük missiyasına bağlanır. Əsatir, əfsanə, rəvayət, inam, etiqad, nağıl, dastan, epos, atalar sözü, məsəl, tapmaca, lətifə, mərasim folkloru və s. timsalında zənginləşmənin axarı və üzərində aparılan müşahidələr əski təsəvvür və düşüncə qalaktikasının formulasını öz içində hazırlamaqla bir əxlaq, davranış və tərbiyə modeli olaraq gələcəyə ötürülmənin mexanizmlərini müəyyənləşdirir.
Açar sözlər. folklor, mif, əfsanə, əsatir, inam, etiqad, simvol, mətn semantikası, epik təhkiyə