DOI: https://doi.org/10.36719/2663-4619/118/148-151
Nuran Bayramlı
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0000-5721-4606
nuranntb@gmail.com
Xəzər dənizində külək enerjisindən istifadənin tədqiqi
Xülasə
Bu tədqiqat işi Xəzər dənizində külək enerjisindən istifadənin imkanlarını, iqtisadi və ekoloji üstünlüklərini, eləcə də texniki və institusional çağırışlarını araşdırmağa yönəlmişdir. Xəzər regionu, xüsusilə Azərbaycan sahil zolağı, orta və yüksək səviyyəli külək sürətləri ilə alternativ enerji istehsalı üçün əlverişli şəraitə malikdir. Bu coğrafi üstünlükdən istifadə etməklə külək enerjisi vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi, karbon emissiyalarının azaldılması və enerji sektorunun diversifikasiyası mümkün olur.
Tədqiqatda Xəzər dənizinin meteoroloji şəraiti və külək potensialı qiymətləndirilmiş, dünya təcrübəsi ilə müqayisədə dəniz külək energetikasının iqtisadi səmərəliliyi və tətbiq olunma formaları təhlil edilmişdir. Eyni zamanda, Xəzər dənizində dəniz külək turbinlərinin qurulmasının texnoloji aspektləri, infrastruktur ehtiyacları, ətraf mühitə təsiri və investisiya tələbləri araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Xəzər dənizi sahillərində yerləşən platformalar və dayaz sulu ərazilər külək turbinləri üçün perspektivli ərazilərdir və müasir texnologiyaların tətbiqi ilə bu resursdan istifadənin iqtisadi rentabelliyi artırıla bilər. Xülasə olaraq, Xəzər dənizində külək enerjisi potensialından istifadə, Azərbaycanın enerji sektorunun yaşıl transformasiyasına töhfə verə bilər. Bu sahədə müvafiq hüquqi-normativ bazanın gücləndirilməsi, investorların cəlb edilməsi və beynəlxalq təcrübənin tətbiqi ilə bu resursdan səmərəli istifadə mümkün olacaqdır.
Açar sözlər: Xəzər, külək, enerji, yaşıl, dəniz