Ağıllı şəhərlər üçün dayanıqlı istilik həlləri: Füzulidə geotermal və günəş enerjisi inteqrasiyalı istilik nasoslarının səmərəliliyi
Sevinc Babayeva1*
, Sübhan Xudayev2
Xülasə. Tədqiqat işində Azərbaycanın “Yaşıl Enerji Zonası” kimi adlandırılan Füzuli rayonunun özünə xas olan iqlim və coğrafi şəraitində müxtəlif formalı hibrid istilik nasosu sistemlərinin enerji səmərəliliyi “GeoTsol” simulyasiya proqramı vasitəsilə müqayisəli şəkildə təhlil olunur. Tədqiqatın əsas hədəfi regionun yüksək günəş radiasiyası potensialı və geotermal ehtiyatlarından maksimum dərəcədə istifadə edərək, yaşayış binalarının isidilməsi üçün ən optimal və dayanıqlı texniki komponentləri müəyyən etməkdir. İş çərçivəsində dörd fərqli ssenari (HPS2, HPS3, HPS4 və HPS5) üzrə şaquli torpaq zondları və günəş termal kollektorlarının simulə edilməsi dinamik şəkildə tədqiq edilmişdir. Simulyasiya nəticələrinə əsaslanaraq deyə bilərik ki, torpaq-mənbəli istilik nasoslarının günəş enerjisi ilə sinergetik fəaliyyəti həm sistemin illik səmərəlilik göstəricilərini əhəmiyyətli dərəcədə artırır, həm də yay aylarında torpağın termal enerjisinin bərpasına imkan yaradaraq sistemin uzunmüddətli istismarı zamanı torpağın termal balansını qoruyur. Əldə olunan nəticələrə əsaslanaraq, təmiz enerji texnologiyalarının tətbiqi ilə ənənəvi enerji istehlakının və karbon emissiyalarının azaldılmasının mümkünlüyünü sübut edir. Tədqiqatın nəticələri Füzuli rayonunda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin enerji infrastrukturu üçün mühüm texniki-iqtisadi baza formalaşdırır.
Açar sözlər: istilik nasosu, GeoTsol, Füzuli, yaşıl enerji zonası, günəş enerjisi, geotermal enerji, hibrid sistemlər, COP