DOI: https://doi.org/10.36719/2706-6185/63/51-60
Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfonik muğamlarının bəzi üslub xüsusiyyətləri
Xülasə. Təqdim olunan məqalədə tanınmış Azərbaycan bəstəkarı Fikrət Əmirovun simfonik muğamlarından bəhs edilir. Simfonik muğamlar dünya musiqi mədəniyyəti tarixində həmin dövrə qədər analoqu olmayan yeni bir simfonik musiqi janrıdır. Muğamları yeni səslənməyə köçürmək ideyası, əslində, muğamın yeni – fərdi və orijinal bir versiyasını yaratmaq məqsədi daşıyırdı. Məqalədə qeyd olunur ki, iki fərqli musiqi təfəkkürü növünün birləşdirilməsi nəticəsində yaranan simfonik muğamlar Azərbaycan simfonizmini dünya arenasına çıxarmışdır. Sənətkar bir-birindən fərqlənən musiqi sistemlərini bədii şəkildə əlaqələndirməklə misilsiz və o vaxta qədər məlum olmayan yeni bir janr üslubu yaratmışdır. Həmçinin F. Əmirovun muğamları milli musiqi üçün yeni olan simfonik səslənmədə klassik simfoniyanın qanunauyğunluqlarına tabe olsa da, eyni zamanda ənənəvi muğam sənətinin prinsiplərini qoruyub saxlayır. Yeni janrın banisi olan F. Əmirov həm də yeni janr üslubu yaratmış və onun gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Məqalədə F. Əmirovun yaradıcılığında mühüm yer tutan və bəstəkarın parlaq yaradıcılıq üslubunu əks etdirən “Şur”, “Kürd-ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları təhlil edilir; həmçinin bu əsərlərin kompozisiya quruluşu, janr, üslub, harmonik və melodik dili ilə bağlı bəzi səciyyəvi xüsusiyyətlər nəzərdən keçirilir.
Açar sözlər: simfonik muğam, janr, üslub xüsusiyyətləri, Azərbaycanın ənənəvi musiqisi, Azərbaycan muğamı