DOI: https://doi.org/10.36719/2706-6185/46/51-54
Xanım Əsədova
Azərbaycan Dövlət Aqrar Universitet
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0009-7476-3354
xanim.as@mail.ru
Azərbaycan Respublikasının Qara Dəniz regionu ölkələri və QDİƏT ilə
ticarət-iqtisadi əməkdaşlığının tarixi, cari vəziyyəti və perspektivləri
Xülasə
Qloballaşma prosesinin yüksək templərlə cərəyan etdiyi müasir dövrdə beynəlxalq məzmun və xarakter kəsb edən ticarət-iqtisadi birliklərin yaradılması dövlətlərin və cəmiyyətlərin dayanıqlı inkişafının qarantı qismində qiymətləndirilən tarixi zərurət kimi çıxış edir. Beynəlxalq təşkilatlarda aktiv iştirak, həm dövləti, həm də onu təmsil edən xalqı təcrid olunmaqdan qoruyan, onun iqtisadi gücünə güc qatan, siyasi qüdrətini durmadan artıran və təhlükəsizliyini etibarlı şəkildə təmin edən vasitədir. Bu baxımdan suveren Azərbaycan Respublikasının fəaliyyəti də diqqətəlayiqdir. Respublikamız siyasi müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM və s. kimi çoxlu sayda beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. Təqdim olunan məqalədə məhz Azərbaycan Respublikasının ticarət, iqtisadi və nəqliyyat-kommunikasiya sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda iştirakından bəhs olunur. 1992-ci il iyunun 25-də Azərbaycan Respublikasının da qoşulduğu 11 dövlətin iştirakı ilə əsası qoyulan “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”nın fəaliyyətinə, ölkəmizin bu qurumda fəal iştirakına, sözügedən təşkilatın cari fəaliyyətinə və perspektiv planlarının təqdimatına məqalədə xüsusi yer ayrılır.
Açar sözlər: iqtisadiyyat, əməkdaşlıq, beynəlxalq təşkilat, Qara Dəniz, iqtisadi əlaqə, iqtisadi münasibətlər