Azərbaycan Səfəvi dövlətinin Avropa Dövlətləri ilə əlaqələri və Şah I Abbasın (1587-1629) beynəlxalq siyasi baxışları
Həcər Əhmədova
Xülasə. Məqalədə XVII əsrin əvvəllərində Səfəvi dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri Avropa səyyahlarının müşahidələri əsasında araşdırılmışdır. Tədqiqatın əsas məqsədi Pyetro della Valle və Don Qarsiya de Silvanın qeydləri əsasında Şah I Abbasın Osmanlı imperiyası, Avropa dövlətləri və Papalıq ilə bağlı siyasi-diplomatik baxışlarını təhlil etməkdir. Araşdırmada müqayisəli-tarixi və mənbəşünaslıq metodlarından istifadə edilmişdir.
Məqalədə Şah I Abbasın Osmanlı imperiyasına qarşı həyata keçirdiyi siyasi və hərbi strategiya, Avropa dövlətləri ilə diplomatik münasibətləri və beynəlxalq siyasi proseslərə münasibəti təhlil olunur. Pyetro della Vallenin qeydləri əsasında Şahın Papalıq institutu, İspaniya krallığı və Avropadakı dini-siyasi vəziyyət haqqında məlumatlı olduğu göstərilir. Don Qarsiya de Silvanın səfirlik missiyası isə Səfəvi dövlətinin Avropa dövlətləri ilə diplomatik əməkdaşlıq qurmaq cəhdlərinin mühüm nümunəsi kimi qiymətləndirilir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şah I Abbas yalnız regional hökmdar deyil, həm də beynəlxalq münasibətləri dərindən dərk edən uzaqgörən dövlət xadimi olmuşdur. Onun xarici siyasəti hərbi güc, diplomatik fəaliyyət və beynəlxalq əməkdaşlıq prinsiplərinin uzlaşdırılmasına əsaslanmışdır. Avropa səyyahlarının məlumatları Səfəvi dövlətinin XVII əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Açar sözlər: Şah I Abbas, Pyetro della Valle, Don Qarsiya de Silva, Səfəvi dövləti, Osmanlı imperiyası, diplomatik münasibətlər, Avropa səyyahları