https://doi.org/10.36719/2789-6919/41/8-12
Həcər Hüseynova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə elmlər doktoru, professor
https://orcid.org/0000-0002-3223-427X
hacerhuseynova@mail.ru
Azərbaycan yazısında istifadə edilən durğu işarələri
Xülasə
Durğu işarələri yazılı nitqi məqsədyönlü şəkildə tənzimləməyə xidmət edən qrafik işarələr sistemidir. Orfoqrafiya qaydaları və durğu işarələri dil üçün əsas rol oynadığı üçün yazılı nitqin konstitusiyası hesab olunur.
Müasir Azərbaycan dilində durğu işarələri dilçiliyin punktuasiya bölməsində öyrənilir. Punktuasiya latın mənşəli (punktum) söz olub, Azərbaycan dilində nöqtə mənasını ifadə edir.
Durğu işarələrinin yazıdan, əlifbadan sonra kəşf olunmasına baxmayaraq, dilçilikdə yazı qədər böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən, əksər dilçilik ədəbiyyatında durğu işarələri bəşəriyyət üçün ikinci əlifba kimi dəyərləndirilir.
Tədqiqatçılar durğu işarələrinin yaranmasını b.e.ə. 450-385-ci illərdə yaşamış filosof Aristofanın adı ilə əlaqələndirirlər. Lakin həm Aristofanın, həm onun müasirlərinin yazıda istifadə etdiyi qrafik işarələr indiki durğu işarələrindən məzmun və formaca fərqlənmiş, əsasən, abzas və nöqtənin ifadəsinə xidmət etmişdir.
Açar sözlər: durğu, işarə, yazı, məna, vəzifə, əhəmiyyət