Azərbaycanın İsraildə Diplomatik Nümayəndəliyinin yaradılması: Tarixi, iqtisadi və hərbi-siyasi amillər
Məcnun Həsənov
Xülasə. Bu məqalə 2023-cü ilin birinci rübündə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasının tarixi, iqtisadi və hərbi-siyasi səbəblərini araşdırır. Azərbaycan Respublikasının İsraildə rəsmi diplomatik nümayəndəliyinin açılması həm Azərbaycan, həm də İsrail siyasi ekspertləri tərəfindən iki ölkə arasındakı münasibətlərin kulminasiyası kimi qiymətləndirilir. 1991-ci ilin oktyabrında müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasını İsrail 25 dekabr 1991-ci ildə tanıyan ilk dövlətlərdən biri olmuşdur. Qısa müddət ərzində — 103 gün sonra, 7 aprel 1992-ci ildə iki ölkə arasında de jure diplomatik münasibətlər qurulmuş, 1993-cü ilin avqust ayında isə İsrail bu münasibətləri səfirlik səviyyəsinə qaldırmışdır. İki ölkə arasında mövcud olan sıx münasibətlər beynəlxalq ictimaiyyət tərəfindən əsasən iqtisadi maraqlara əsaslanan əlaqələr kimi qiymətləndirilir. Lakin bu yanaşma münasibətlərin tarixi dərinliyini tam əks etdirmir. Azərbaycan və yəhudi xalqları arasında münasibətlərin tarixi minilliklərə gedib çıxır. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması bu münasibətlərin formalaşması və inkişafında mühüm rol oynamışdır. Bununla belə, bütün bu müsbət amillərə baxmayaraq, Azərbaycan bir sıra regional-geosiyasi səbəblərə görə uzun müddət İsraildə rəsmi diplomatik nümayəndəliyinin açılmasını təxirə salmışdır. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü, Qarabağ münaqişəsi, regionda Iran amili və digər səbəblər İsraildə de jure diplomatik nümayəndəliyin açılmasını gecikdirmişdir.
Açar sözlər: Azərbaycan–İsrail münasibətləri, Ermənistan, Enerji təhlükəsizliyi, Iran–Azərbaycan münasibətləri, Hərbi əməkdaşlıq, Dağlıq Qarabağ müharibəsi, Regional aktorlar