DOI: https://doi.org/10.36719/2789-6919/45/47-50
Elburus Vəliyev
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-1462-305X
elbrusveliyev79@gmail.com
Bəzi köməkçi nitq hissələrinin leksik anlamı, onların
söz yaradıcılığında rolu və sintaktik məqamları
Xülasə
Nitq mədəniyyəti mənəvi mədəniyyətin ayrılmaz və vacib tərkib hissəsi hesab olunur. Müstəqillik əldə edildikdən sonra dilimizin və nitq mədəniyyətimizin inkişafı, eyni zamanda bu sahənin gənc nəslin formalaşmasında oynadığı rol əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycan dili respublikanın rəsmi dili olmaqla yanaşı, geniş ünsiyyət vasitəsi kimi də çıxış edir. Düzgün və aydın nitq üçün bu dilin bütün incəliklərini dərindən öyrənmək vacibdir. Azərbaycan dili sabit qrammatik quruluşu, geniş və zəngin lüğət tərkibi, ahəngdar və zərif səslənmə xüsusiyyətləri ilə seçilir. Onun leksik strukturu qrammatik və sintaktik xüsusiyyətlərinə görə müxtəlif nitq hissələrinə – isim, feil və köməkçi nitq vahidlərinə bölünür.
Nitq hissələrinə Azərbaycan dilində isim, sifət, say, əvəzlik, feil, zərf, bağlayıcı, qoşma, ədat, modal sözlər və nida daxildir. Leksik məna daşıyan sözlər eyni zamanda qrammatik funksiya yerinə yetirərək cümlədə müəyyən sintaktik rol oynayır. Hər hansı bir sözün nitq hissəsi kimi qəbul olunması üçün onun yalnız leksik mənası deyil, eyni zamanda qrammatik funksiyası da olmalıdır. Daha əvvəl də vurğulandığı kimi, köməkçi nitq hissələrinə qoşmalar, ədatlar, bağlayıcılar, modal sözlər və nida daxildir. Bu kateqoriyaya aid sözlər əsas nitq hissələrindən fərqli olaraq, leksik məna daşımır, cümlə üzvü kimi çıxış etmir və müstəqil şəkildə suala cavab vermir. Dilin zənginliyi araşdırıldıqda aydın olur ki, bir çox sözlər müxtəlif mənalarda işlədilə bilir. Bu xüsusiyyət təkcə əsas nitq hissələrində deyil, həmçinin, köməkçi nitq hissələrində də müşahidə olunur.
Açar sözlər: köməkçi nitq hissələri, leksik anlam, sintaktik məqam, leksik və qrammatik məna