DOI: https://doi.org/10.36719/2706-6185/63/21-28
Blokçeyn texnologiyalarının maliyyə hesabatlarına təsiri
Mehriban İmanova1* , Mətanət Əliyeva2
Xülasə. Blokçeyn texnologiyası son onilliyin ən çox müzakirə olunan rəqəmsal innovasiyalarından biri kimi maliyyə hesabatlılığı sistemlərinin konseptual əsaslarını dəyişməkdədir. Bu məqalədə blokçeyn texnologiyasının maliyyə hesabatlarının hazırlanması, təqdim edilməsi və auditi proseslərinə təsiri sistemli şəkildə araşdırılır. Tədqiqatda 2019–2025-ci illər ərzində nəşr olunmuş elmi mənbələrin məzmun təhlili, ikincil statistik göstəricilərin iqtisadi-statistik təhlili və ənənəvi ikili yazılış sistemi ilə blokçeyn əsaslı üçtərəfli yazılış sisteminin müqayisəli təhlili metodlarından istifadə olunmuşdur. Əldə edilən nəticələr göstərir ki, blokçeynin tətbiqi əməliyyat xərclərini orta hesabla 30%, əməliyyatların emalına sərf olunan vaxtı isə 85%-ə qədər azaltmaq imkanı yaradır, mühasibat işçilərinin rutin əmək yükünü isə təxminən 50% aşağı sala bilər. Maliyyə xidmətləri sektorunda aparılmış qlobal sorğuların nəticələrinə görə, sektor liderlərinin 90%-dən çoxu blokçeyni geniş miqyaslı və işə yararlı həll hesab edir. Tədqiqat həmçinin blokçeynin şəffaflığı, dəqiqliyi və real vaxt rejimində hesabatlılığı artırmaqla yanaşı, tənzimləyici qeyri-müəyyənlik, texniki inteqrasiya çətinlikləri və ixtisaslı kadr çatışmazlığı kimi ciddi məhdudiyyətlərlə də üzləşdiyini ortaya qoyur. Məqalənin sonunda blokçeynin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində tətbiqinin genişləndirilməsi üçün praktiki tövsiyələr və gələcək tədqiqat istiqamətləri təqdim olunur.
Açar sözlər: blokçeyn texnologiyası, maliyyə hesabatlılığı, üçtərəfli mühasibat uçotu, şəffaflıq, audit, rəqəmsal transformasiya