DOI: https://doi.org/10.36719/2706-6185/53/33-46
Müşfiq Çobanov
Azərbaycan Texniki Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-8684-2722
mborcali@gmail.com
Borçalışünas Şurəddin Məmmədlinin
ədəbi-bədii və elmi yaradıcılığı
Xülasə
Məqalədə Gürcüstanda yaranan Azərbaycan ədəbiyyatı və Tiflis ədəbi mühiti, xüsusilə də bu ədəbi mühitdə yetişmiş zəhmətkeş alim, təcrübəli müəllim, istedadlı şair, bacarıqlı publisist, prinsipial jurnalist, peşəkar tərcüməçi və ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, çağdaş ədəbi mühitin öncüllərindən biri kimi tanınmış, eyni zamanda ömrünün böyük bir hissəsini bu ədəbi mühitin tədqiqinə həsr etmiş, bu sahədə bir sıra təqdirəlayiq tədqiqatlar aparmış, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində qələmə aldığı, Azərbaycanda, Gürcüstanda və Türkiyədə elmi fakta çevrilmiş bir sıra dəyərli əsərləri ilə Borçalışünaslığı zənginləşdirmiş görkəmli ədəbiyyatşünas-alim, akademik Şurəddin Məmmədlinin (1956) mənalı ömür yoluna nəzər salınır, onun zəngin və çoxşaxəli elmi və bədii yaradıcılığı araşdırılır. Göstərilir ki, Borçalıda doğulub boya-başa çatan, bir müddət Gürcüstan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında, sonra Tiflisdə və ümumiyyətlə Gürcüstanda Azərbaycan dilində nəşr olunan yeganə rəsmi dövlət mətbuat orqanı olan “Gürcüstan” qəzetində, daha sonra isə Tbilisi Dövlət Pedaqoji Universitetində müəllim, Tbilisi Humanitar Universitetində kafedra müdiri işləyən, hazırda isə elmi-pedaqoji fəaliyyətini qardaş Türkiyədə davam etdirən, Ərdəhan (Ardahan) Universitetində Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları bölməsinin başqanı (kafedra müdiri) və Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun Türkiyə Respublikasındakı nümayəndəliyinin rəhbəri vəzifəsində şərəflə çalışan dəyərli soydaşımız, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Gürcüstan Milli Ədəbiyyat Akademiyasının akademiki Şurəddin Məmmədli həm də Borçalışünas alim kimi ardıcıl şəkildə elmi tədqiqatla məşğul olur, Borçalının keçmişini, bu qədim diyarın dünənini və bu gününü araşdırır, həmçinin Gürcüstan azərbaycanlılarının tarixi, etnoqrafiyası, mədəni-sosial-iqtisadi həyatı haqqında təqdirəlayiq axtarışlar aparır. Eyni zamanda Azərbaycan–Gürcüstan ədəbi-mədəni əlaqələrinə dair onlarla kitabın, bir-birindən dəyərli neçə-neçə tədqiqat əsərlərinin, yüzlərlə elmi məqalələrin və publisistik yazıların müəllifi olan, olduqca işgüzar və zəhmətkeş tədqiqatçı-alim kimi tanınan Şurəddin Məmmədlinin tədqiqat əsərləri istər Azərbaycanın, istərsə Gürcüstanın, həmçinin Türkiyənin elmi dairələrində müsbət qarşılanır və yüksək qiymətləndirilir. “Qarapapaq” təxəllüsü ilə yazdığı bir-birindən gözəl, lirik, oxunaqlı və “Cəngi” ruhlu şeirləri oxucular tərəfindən böyük maraqla qarşılanır. 2002-ci ildə Gürcüstan–Azərbaycan ədəbi-mədəni münasibətlərinin araşdırılmasında, elmi-tədqiqata cəlb olunmasında, elmi-ədəbi əlaqələrin inkişafında göstərdiyi görkəmli xidmətlərinə, səmərəli elmi-ədəbi fəaliyyətinə və gürcü klassiklərinin əsərlərini Azərbaycan dilinə yüksək səviyyədə tərcümə etdiyinə görə Gürcüstanın ali dövlət mükafatı olan “ღირსება” – “Ləyaqət” (“Şərəf”) ordeninə layiq görülən dəyərli soydaşımız Şurəddin Məmmədli elə həmin il Gürcüstan Milli Ədəbiyyat Akademiyasının həqiqi üzvü – akademiki seçilib. 2004-cü ildə elmi fəaliyyətindəki uğurlarına görə “Qızıl Kitab” və Gürcüstan azərbaycanlılarının ədəbiyyatının və tarixinin tədqiqindəki xidmətlərinə görə “Borçalı” mükafatlarına layiq görülüb. 2009-cu ildə Türkiyənin TuranSAM (Turan Stratejik Araştırmalar Merkezi) beynəlxalq hakemli dərgisinin Bilim Kurulu üyesi (Elmi Şura üzvü) seçilib. 2019-cu ildə isə elmi araşdırmalarına görə “Türk Dünyasına Hizmet” mükafatı ilə təltif olunub.
Açar sözlər: Gürcüstan, Tiflis, Azərbaycan, ədəbi mühit, ədəbiyyat, ədəbiyyatşünaslıq, poeziya, milli, mətbuat, ədəbi əlaqələr, bədii tərcümə, alim, şair, tərcüməçi, ictimai xadim, Şurəddin Məmmədli