Böyük İpək Yolunun coğrafiyasında Türk dövlətçilik irsi: siyasi idarəetmə sistemi və yazı mədəniyyətinin təkamülü
Vüqar Abbasov1*
, Lalə Əliyeva1
, Xoşqədəm Zeynalova1
Xülasə. Məqalə Böyük İpək Yolu coğrafiyasında Türk dövlətçilik irsinin və yazı mədəniyyətinin təkamül proseslərinə nəzər salır. Məqalədə Türk idarəetmə sisteminin fundamental prinsipləri, xüsusilə "Tanrı Qut" konsepsiyası və xaqanın sosial öhdəlikləri araşdırılır. Mənbələrə əsasən xaqanın səlahiyyətləri geniş spektrdə təsnif edilir: hərbi, diplomatik, məhkəmə, inzibati və s. Lakin bütün bu səlahiyyətlərin "xalqın istəklərini nəzərə almaq" şərti ilə bağlanması, sistemin monarxiya olmasına baxmayaraq, xalqın rəyinə (məsələn, Qurultay vasitəsilə) əhəmiyyət verdiyi də nəzərə çatdırılır.
Eyni zamanda, petroqliflərdən Orxon-Yenisey abidələrinə qədər olan yazı sistemlərinin inkişafı və bu mədəniyyətin geniş kütlələr tərəfindən istifadəsi təhlil edilir. Yazılarda fonetik əsaslı, mükəmməl bir əlifbanın istifadə olunduğu diqqəti çəkməkdədir. Əlifbanın formalaşması, yazıda imla qaydalarının yaranması və tətbiqi prosesinin arxasında minilliklərə söykənən tarixi bir keçmişin dayandığı təkzibedilməz bir həqiqət kimi özünü büruzə verir.
Arxeoloji və terminoloji dəlillərə əsaslanaraq, yekun qənaət ondan ibarətdir ki, qədim Türk idarəetmə modelləri və yazı sistemləri sadəcə regional deyil, bütövlükdə Avrasiyanın qlobal siyasi və mədəni inkişaf strategiyalarının mühüm tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Açar sözlər: Böyük İpək Yolu, Türk dövlətçilik irsi, siyasi idarəetmə, yazı mədəniyyəti, oturaq sivilizasiya