Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Britaniya siyasətçilərinin çıxışlarında sarkazmın diskurs xüsusiyyətləri

 

Leyla Cəfərzadə

 

Xülasə. Böyük Britaniya siyasi diskursunda sarkazm mühüm kommunikativ və diskursiv strategiyalardan biri hesab olunur. Onun geniş şəkildə istifadəsi ölkənin formalaşmış parlament ənənələri, siyasi mədəniyyəti və yüksək ritorik nitq üslubu ilə sıx əlaqədardır. Britaniyalı siyasətçilər çıxışlarında birbaşa təhqir və ya açıq hücumdan daha çox incə istehza, gizli tənqid və dolayı mənalandırma vasitələrinə üstünlük verirlər. Bu səbəbdən sarkazm çox vaxt nitqin leksik və ya semantik səviyyəsində deyil, praqmatik və diskursiv müstəvidə dərk olunur. Belə ifadələrin düzgün anlaşılması üçün auditoriyanın siyasi hadisələr, ictimai proseslər və mədəni kontekst haqqında müəyyən biliklərə malik olması vacibdir.

Britaniya siyasətində sarkazm müxtəlif funksiyalar yerinə yetirir. O, siyasi rəqiblərin mövqelərini zəiflətmək, onların arqumentlərindəki ziddiyyətləri qabartmaq və müəyyən məsələlərə tənqidi münasibəti dolayı şəkildə ifadə etmək üçün istifadə edilir. Bundan əlavə, sarkastik ifadələr siyasətçiyə öz intellektual üstünlüyünü nümayiş etdirməyə, auditoriyanın diqqətini cəlb etməyə və nitqin təsir gücünü artırmağa imkan verir. Xüsusilə İcmalar Palatasında keçirilən debatlar zamanı sarkazm hökumət və müxalifət nümayəndələri arasında gedən polemikanın mühüm elementi kimi çıxış edir.

Diskurs analizi nöqteyi-nəzərindən sarkazmın uğurlu interpretasiyası kontekst, intonasiya, intertekstuallıq və mədəni kodların düzgün başa düşülməsindən asılıdır. Auditoriya bu elementləri nə qədər dəqiq qavrayırsa, sarkazmın kommunikativ təsiri də bir o qədər güclü olur. Nəticə etibarilə, Böyük Britaniya siyasi diskursunda sarkazm sadəcə ritorik vasitə deyil, həm də siyasi mövqelərin formalaşdırılmasına, güc münasibətlərinin tənzimlənməsinə və ictimai rəyin istiqamətləndirilməsinə xidmət edən mürəkkəb kommunikativ mexanizm kimi qiymətləndirilə bilər.

 

Açar sözlər: sarkazm, diskurs, Böyük Britaniya, parlament, analiz, intertekstuallıq

 


Baxış: 3