Cənubi Xəzər hövzəsinin dərin yatımlı zonalarında kollektor süxurların fərqləndirilməsi üçün meyarlar və sərhəd qiymətləri
Orxan Yaqubov1 , Almaz Quliyeva1
, Günay Vaqifqızı2*
Xülasə. Kollektor və qeyri-kollektor süxurların etibarlı şəkildə fərqləndirilməsi Cənubi Xəzər hövzəsinin dərin yatımlı məhsuldar intervallarında ehtiyatların hesablanması və yataqların işlənmə layihələrinin hazırlanması üçün mühüm əhəmiyyət daşıyır. Tədqiqatda Günəşli, Bahar və Bulla-Dəniz yataqlarına aid litoloji və petrofiziki məlumatlar təhlil edilərək məsaməlilik, keçiricilik, gillilik və karbonatlılıq üzrə yatağa xas sərhəd qiymətləri müəyyənləşdirilmişdir. Məlumat bazasına Günəşli yatağından 270 kern nümunəsi və 1200-dən artıq laboratoriya təyini, Bahar yatağı üzrə horizontlara aid kern məlumatları, həmçinin Bulla-Dəniz yatağından 47 kern nümunəsi daxildir. Sərhəd qiymətlərinin əsaslandırılması üçün paylanma əyrilərindən, parametrlərarası müqayisələrdən və süxurların kollektor və qeyri-kollektor qruplarına ayrılmasından istifadə edilmişdir. Günəşli yatağında kollektor və qeyri-kollektor süxurların məsaməlilik paylanmaları təxminən 10% səviyyəsində kəsişir, geniş məlumat bazası isə 9%-lik əməli sərhədi dəstəkləyir. Bahar yatağında məsaməlilik üçün ümumi sərhəd təxminən 8%, keçiricilik üçün isə 0,003 μm²-dir. Bulla-Dəniz yatağının V və VII horizontlarında məsaməlilik >7,5%, keçiricilik >1 mD, karbonatlılıq <20% və gillilik <36% meyarları qəbul edilmişdir. Nəticələr göstərir ki, sərhəd qiymətləri universal deyil və litofasial xüsusiyyətlər, yatım dərinliyi, analiz miqyası və hasilat şəraiti nəzərə alınmaqla kalibrlənməlidir.
Açar sözlər: Cənubi Xəzər hövzəsi, kollektor süxur, məsaməlilik sərhədi, keçiricilik sərhədi, gillilik, karbonatlılıq, kern analizi