DOI: https://doi.org/10.36719/2706-6185/63/13-20
Coğrafi adların tarixi-linqvistik identifikasiyası və genezisinin öyrənilməsində kartoqrafiya elmi bir vasitə kimi
Xülasə. İnsan cəmiyyətinin təbiətə qarşılıqlı təsiri nəticəsində yaranan tarixi coğrafi adlar sistemi, yəni toponimik laylar hər bir ərazinin keçmiş siyasi vəziyyətini, xəritələrdə tutduğu mövqeyini, orada yaşamış etnosları və mədəniyyəti özündə əks etdirir. Toponimlər qədim dövrlərdən müasir günümüzə qədər gəlib çatmış, tariximizi, etnik mənsubiyyətimizi və mənəvi irsimizi öyrənməyə imkan verən ən dəyərli informasiya mənbələrindən biri kimi dəyərləndirilir. Tədqiqatın əsas məqsədi kartoqrafiya və toponimikanın bazis anlayışlarını təhlil etmək, toponimik xəritələrin funksional mahiyyətini açmaq və onların mühüm kartoqrafik məhsul kimi elmi-əməli əhəmiyyətini əsaslandırmaqdır. Kartoqrafiya və toponimika sahəsində əsas anlayışların, eləcə də toponimik xəritənin mahiyyətinin öyrənilməsi regional coğrafi tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edir. Coğrafi məkan tək natural mühit deyil, həm də etnosun tarixən məskunlaşdığı, yaşadığı, təsərrüfat qurub milli-mənəvi dəyərlərini formalaşdırdığı mühitdir. Məqalədə toponimika ilə kartoqrafiya arasındakı fənlərarası əlaqələrdən, coğrafi adların etimoloji və tarixi baxımdan tədqiqində xəritələrin əhəmiyyətindən bəhs edilir, Zəngəzur toponiminin tarixi xəritələrdə yeri və ilkin adlandırılması təqdim olunur. Bu baxımdan coğrafi adların dəyişdirilməsi, identifikasiyası və xəritələrdə əks etdirilməsi problemləri araşdırılaraq onların tarixi yaddaşın, mədəni irsin və milli kimliyin qorunmasındakı rolundan bəhs edilir, toponimik xəritələrin tarixi-coğrafi və linqvistik tədqiqatlarda toponimlərin bərpası və qorunması üçün mühüm kartoqrafik baza rolu oynadığı göstərilir.
Açar sözlər: kartoqrafiya, toponimika, toponim, tarixi-linqvistik identifikasiya, genezis, toponimik xəritə, coğrafi adlar, Zəngəzur, tarixi yaddaş, mədəni irs