DOI: https://doi.org/10.36719/2663-4619/114/72-77
Nərmin Sadıqova
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0003-6860-0264
sadiqovanarmin07@gmail.com
Culpa in Contrahendo: Müqaviləyəqədərki məsuliyyətin müxtəlif hüquq
sistemlərində müqayisəli hüquqi təhlili
Xülasə
“Culpa in contrahendo”- “müqaviləyə qədərki məsuliyyət” termini ilk dəfə 1861-ci ildə Almaniyalı hüquqşünas Rudolf von Jhering tərəfindən işlədilmişdir. Bu doktrina sonradan geniş yayılaraq, demək olar ki, bütün dövlətlərin hüquq sisteminin ayrılmaz tərkib hissəsini təşkil etsə də, onun məzmununa, bu məsuliyyətin formalaşma əsaslarına münasibətdə hələ də vahid bir yanaşma mövcud deyildir. Əslində, belə bir yanaşmanın formalaşdırılmasının mümkün olmaması daha çox Culpa in contrahendonun tətbiq edildiyi ölkələrin müxtəlif hüquq sisteminə mənsub olmasından irəli gəlir. Belə ki, qitə (kontinental və ya sivil hüquq) hüquq sisteminə mənsub olan ölkələrin qanunvericiliyində bu doktrina daha çox müqaviləyəqədərki danışıqlar mərhələsində vicdanlılıq prinsipinə əməl etmənin bir təzahürü kimi öz əksini tapır. Ümumi hüquq (ingilis sakson) sisteminə aid olan ölkələrin məhkəmələri isə hesab edirlər ki, müqaviləyəqədərki məsuliyyətin tənzimlənməsi işin hallarından asılı olaraq müxtəlif əsaslara söykənə bilər. Məqalədə “culpa in contrahendonun” yaranma və inkişaf tarixi, müxtəlif dövlətlərin qanunvericiliklərində bu məsələnin tənzimlənmə üsulları, fərqli hüquq sisteminə aid məhkəmələrin qərarları, müqaviləyəqədərki məsuliyyətin formalaşması üçün zəruri olan elementlərin hər biri ayrılıqda təhlil edilmişdir. Həmçinin qarşılıqlı olaraq, milli qanunvericilikdə müqaviləyəqədərki məsuliyyətin nizamlanması sahəsində mövcud olan normalara və bu sahədəki boşluqlara, həmin boşluqların aradan qaldırılması üçün zəruri olan dəyişikliklərə də toxunulmuşdur.
Açar sözlər: müqaviləyəqədərki məsuliyyət, müqaviləyəqədərki məsuliyyətin elementləri, vicdanlılıq, ilkin danışıqlar, neqativ ziyan