Darıdağ filizindən (Naxçıvan) Cd₃Sb₂S₈ fazasının sintezi və onun fiziki-kimyəvi xassələrinin tədqiqi
Sevda Əliyeva1*
, Akif Əliyev1
, Əfsanə Heybətova2
,
Hilal Qasımov3
, Şəfiqə Süleymanova4
, Qızıllı Əliyeva5
Xülasə. Cd₃Sb₂S₈ tərkibli xalkogenid birləşmələri yarımkeçirici xassələrinə görə müasir materialşünaslıqda xüsusi maraq doğurur. Bu işdə tədqiq olunan birləşmə Naxçıvan Muxtar Respublikasında yerləşən Darıdağ yatağından götürülmüş təbii filizdən əldə edilmişdir. İlkin mərhələdə filiz flotasiya üsulu ilə emal edilmiş və arsen qarışıqlarından təmizlənmiş, nəticədə əsas komponent kimi sürmə(III) sulfid ayrılmışdır. Sintez prosesi yüksək temperaturda, qoruyucu arqon mühitində kadmium, Sb₂S₃ və elementar kükürdün birgə qarşılıqlı təsiri nəticəsində həyata keçirilmişdir. Reaksiya oksidləşmə ehtimalını minimuma endirməklə mərhələli şəkildə aparılmış, əlavə həlledicilərdən və kimyəvi reagentlərdən istifadə edilməmişdir. Alınmış nümunənin termik davranışı diferensial termik analiz vasitəsilə öyrənilmiş, yüksək temperaturda davamlılığı və ərimə xassələri müəyyən edilmişdir. Səthin quruluşu və morfologiyası skanedici elektron mikroskopiyası ilə tədqiq edilmiş və materialın kiçikölçülü kristallardan ibarət olduğu müəyyən olunmuşdur. Element tərkibi enerji-dispersiv analiz nəticələri ilə təsdiqlənmiş, Cd, Sb və S elementlərinin nəzəri nisbətlərə uyğunluğu müəyyən edilmişdir. Rentgen difraksiyası nəticələri sintez olunmuş materialın əsasən kristallik quruluşa malik olduğunu, eyni zamanda az miqdarda amorf fazanın da mövcudluğunu göstərmişdir. Ümumilikdə, əldə edilən nəticələr Cd₃Sb₂S₈ birləşməsinin funksional material kimi, xüsusilə optoelektronika və termoelektrik sahələrində tətbiqi baxımından perspektivli olduğunu nümayiş etdirir.
Açar sözlər: Darıdağ mineralı, rentgen-faza analizi, skanedici elektron mikroskopiyası (SEM), enerji-dispersiv rentgen spektroskopiyası (EDS), ərimə temperaturu