Dünya iqtisadiyyatında enerji siyasəti və maliyyə resurslarının səfərbər edilməsinin iqtisadi əsasları
Dağbəyi Allahverdiyev1*
, Əli Allahverdiyev2
, Nigar Allahverdiyeva2
,
Günel Allahverdiyeva3
, Güldanə Qasımova3
Xülasə. Tədqiqatda müasir qlobal siyasi-iqtisadi şəraitdə bərpa olunan enerji siyasətinin inkişaf istiqamətləri və bu sahədə maliyyə resurslarının səfərbər edilməsinin iqtisadi əsasları təhlil edilir. Davamlı iqtisadi artımın təmin olunmasında bərpa olunan enerji mənbələrinin rolu və investisiya prioritetlərinin sabit iqtisadi siyasət əsasında yenidən müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malikdir. Bərpa olunan enerji siyasəti yalnız ekoloji baxımdan deyil, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin gücləndirilməsi və uzunmüddətli iqtisadi artımın formalaşdırılması baxımından strateji əhəmiyyətə malikdir.
Metodologiya: bu tədqiqatda dünya iqtisadiyyatında enerji siyasətinin və maliyyə resurslarının səfərbər edilməsinin iqtisadi əsaslarının təhlili kompleks metodoloji yanaşma əsasında həyata keçirilmişdir. Tədqiqatın metodoloji bazasını iqtisadi nəzəriyyənin klassik və müasir yanaşmaları, həmçinin beynəlxalq təcrübə təşkil edir.
Tədqiqatın obyekti və predmeti: Tədqiqatın obyekti qlobal enerji siyasəti və bərpa olunan enerji sahəsində mövcud iqtisadi proseslərdir.
Tədqiqatın predmeti isə bərpa olunan enerji siyasəti çərçivəsində maliyyə resurslarının səfərbər edilməsinin iqtisadi mexanizmləri, bu prosesin makroiqtisadi sabitliyə və davamlı iqtisadi artıma təsiridir.
Tədqiqat metodları: Tədqiqat prosesində aşağıdakı elmi metodlardan istifadə olunmuşdur:
Analiz və sintez metodu, enerji siyasəti və maliyyə mexanizmlərinin ayrı-ayrı komponentlərinin təhlili və ümumiləşdirilməsi üçün tətbiq edilmişdir;
Müqayisəli təhlil metodu, müxtəlif ölkələrin enerji siyasəti və investisiya göstəricilərinin müqayisəsi məqsədilə istifadə olunmuşdur;
Statistik təhlil metodu, qlobal enerji investisiyaları və maliyyə meyarlarının qiymətləndirilməsi üçün tətbiq edilmişdir;
Sistemli yanaşma metodu, enerji siyasəti, maliyyə resursları və iqtisadi artım arasında qarşılıqlı əlaqələrin kompleks şəkildə araşdırılmasını təmin etmişdir.
İnformasiya bazası: Tədqiqatın informasiya bazasını beynəlxalq təşkilatların hesabatları, rəsmi statistika məlumatları, elmi ədəbiyyat və müxtəlif analitik mənbələr təşkil edir. Eyni zamanda, cədvəllərdə təqdim olunan məlumatlar rəsmi statistik göstəricilər əsasında müəllif tərəfindən ümumiləşdirilmişdir.
Açar sözlər: enerji siyasəti, bərpa olunan enerji, maliyyə resursları, davamlı iqtisadi artım, iqtisadi inkişaf, insan rifahı