DOI: https://doi.org/10.36719/2706-6185/53/112-115
Şəfa Sadıqova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Xarici Dillər Mərkəzi
https://orcid.org/0009-0007-8640-3597
sadiqovasefa1988@gmail.com
Ərəb ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri:
Tarixi və estetik paralellər
Xülasə
Ərəb ədəbiyyatı İslam sivilizasiyasının əsas sütunlarından biri kimi, Azərbaycan ədəbiyyatının formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Bu məqalədə ərəb və Azərbaycan ədəbiyyatları arasındakı əlaqələr tarixi, poetik və fəlsəfi müstəvidə təhlil olunur. Ərəb dilinin İslam mədəniyyətinin əsas daşıyıcısı kimi qəbul olunması nəticəsində Azərbaycan ədəbiyyatı həm poetik forma, həm də ideya-fəlsəfi baxımdan ərəb ədəbiyyatından bəhrələnmişdir. Ərəb ədəbiyyatı üslubun əsas mənbələrindən biri kimi yalnız dini və elmi biliklərin deyil, həm də estetik düşüncənin və bədii irsin formalaşmasında mühüm rol oynamışdır. Xüsusilə Nizami, Füzuli və Nəsimi kimi klassik Azərbay-can şairlərinin yaradıcılığında ərəb poetikasının izləri, rəmzlər və məcazlar öz əksini tapmışdır. Məqalədə həmçinin ərəb ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsirinin mərhələləri, ortaq motivlər və müasir dövrdə bu əlaqələrin davamlılığı da araşdırılır. Ərəb ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri çoxmərhələli və çoxşaxəli bir proses olmuşdur. Nəticə etibarilə, bu tədqiqat ərəb və Azərbaycan ədəbiyyatlarının qarşılıqlı zənginləşməsini nümayiş etdirir və Şərq poetikasının universal dəyərlər sistemindəki yerini müəyyənləşdirir.
Açar sözlər: ərəb ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, poetika, təsir, klassik dövr, mədəni əlaqələr