Gecikmiş yaşlanma bioloji fenomen kimi:
Biokimyəvi və hüceyrə markerlərinin rolu
Gülər Zeynalova
Xülasə. Təqdim olunmuş məqalə uzunömürlülərdə və onların yaxın qohumlarında biokimyəvi, hormonal və hematoloji parametrlərin kompleks qiymətləndirilməsinə həsr olunmuşdur. Aparılmış tədqiqatın məqsədi ləngimiş qocalma fenotipinin formalaşmasında tədqiq olunan biokimyəvi göstəricilərin mümkün rolunu müəyyən etməkdir. Tədqiqata Azərbaycan Respublikasının Göyçay rayonunda yaşayan uzunömürlülər və onların qohumları cəlb edilmişdir. Belə ki, qeyd olunan regionda uzunömürlülük səviyyəsi əvvəllər tədqiq olunmamışdır. Tədqiqatda müqayisəli analiz məqsədilə nəsildə uzunömürlü olmayan şəxslərdən ibarət nəzarət qrupunun göstəricilərindən də istifadə edilmişdir. Aparılmış tədqiqatlar zamanı tədqiq olunan qruplarda lipidlərin peroksid oksidləşməsi göstəriciləri və qan antioksidant sisteminin vəziyyəti, steroid hormonların (progesteron və dehidroepiandrosteron) səviyyələri, eləcə də bir sıra hematoloji parametrlər təhlil olunmuşdur. Tədqiqatın nəticələri göstərmişdir ki, uzunömürlü şəxslərdə lipidlərin peroksid oksidləşmə proseslərinin aktivliyinin azalması və antioksidant müdafiə sisteminin nisbi qorunması ilə xarakterizə olunan daha əlverişli oksidativ profil formalaşır. Hormonal statusun müəyyən olunmuş xüsusiyyətləri steroid hormonların qocalma şəraitində adaptasiya mexanizmlərinin və metabolik homeostazın saxlanılmasında potensial rolunu göstərir. Hematoloji göstəricilərin analizi zamanı isə qan sisteminin funksional vəziyyətinin qorunub saxlanılmasını aşkar olunmuşdur, bu da sağlam qocalma fenotipinin əlavə komponenti kimi qiymətləndirilə bilər. Beləliklə, tədqiqat zamanı alınmış nəticələr qocalma biomarkerlərinin öyrənilməsində kompleks yanaşmanın əhəmiyyətini təsdiqləyir və orqanizmin sağlam qocalmasının molekulyar-biokimyəvi əsasları haqqında biliklərin genişləndirilməsinə zəmin yaradır.
Açar sözlər: uzunömürlülər, qocalma, qocalma biomarkerləri, lipidlərin peroksid oksidləşməsi, orqanizmin antioksidant sistemi, oksidativ stress, progesteron, dehidroepiandrosteron, hematoloji göstəricilər, irsi amillər, Azərbaycan