DOI: https://doi.org/10.36719/2789-6919/56/19-31
Günel Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0000-0002-6248-9265
gunelmemmedova2806@gmail.com
Gələcək ibtidai sinif müəllimlərinin tədqiqat fəaliyyətinə hazırlığının müasir vəziyyəti və onun təkmilləşdirilməsi yolları
Xülasə
Təhsilin inkişafı qlobal əhalinin rifahının yüksəldilməsi, həmçinin, fərdi həyat keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm zəmin yaradır. Təhsil insanlara müasir texnologiyaları daha tez mənimsəməyə, əmək bazarında layiqli mövqe tutmağa, ömürboyu təhsil prosesində fəal iştirak etməyə, sağlam həyat tərzi sürməyə və ətraf mühitə məsuliyyətli münasibət göstərməyə imkan verir. Cəmiyyətdə təhsilin rolu yalnız şagirdlərin bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır; o, eyni zamanda şəxsiyyətin hərtərəfli inkişafına və sosial tərəqqiyə xidmət edən mühüm sosial institutdur. Gələcək ibtidai sinif müəllimlərinin tədris və tədqiqat fəaliyyətinə hazırlanması onların tədqiqatçılıq bacarıqlarının formalaşdırılmasını, motivasiya-dəyər, informasiya-məzmun və praktik fəaliyyət komponentlərinin inkişafını nəzərdə tutur. Bu hazırlığın məzmunu gələcək müəllimlərin ibtidai məktəblərdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərə bilmələri üçün zəruri olan bilik, bacarıq və kompetensiyaların mənimsənilməsini əhatə edir. Bu prosesin əsas məqsədi gələcək müəllimləri tədris etdikləri fənlər üzrə yeni elmi nailiyyətlərlə tanış etmək, sağlam, cəlbedici və motivasiyaedici təlim mühiti yaratmaq, müxtəlif metod və müasir təlim texnologiyalarından səmərəli istifadə etmək və nəticə etibarilə keyfiyyətli təhsilin təmin edilməsinə nail olmaqdır. Gələcək ibtidai sinif müəllimlərinin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi imkanlarının və metodlarının öyrənilməsi, eləcə də bu prosesin pedaqoji modelinin müəyyənləşdirilməsi pedaqoji nəzəriyyə və təcrübə üçün aktual problemlərdən biri olaraq qalmaqdadır. Tədqiqatın aktuallığı gələcək ibtidai sinif müəllimlərində peşəkar kompetensiyaların inkişafını təmin edən pedaqoji modelin və onun tətbiq mexanizmlərinin müəyyənləşdirilməsi ilə şərtlənir.
Açar sözlər: gələcək ibtidai sinif müəllimləri, ali pedaqoji təhsil, peşəkar kompetensiya, tədqiqatçılıq bacarıqları, müəllim hazırlığı