DOI: https://doi.org/10.36719/2706-6185/46/72-76
Günəş Məmmədova
Azərbaycan Milli Elmlər Akademiyası
dissertant
https://orcid.org/0009-0002-1296-4969
gunes.ehmedova.89@mail.ru
Günter Qrassın “Tənəkə təbil” romanında XX əsr alman
cəmiyyətinin təsviri
Xülasə
Günter Qrassın Tənəkə təbil romanı XX əsr Avropa ədəbiyyatının ən mühüm əsərlərindən biridir. Romanın baş qəhrəmanı Oskar Matzerathdır. Oskar üç yaşında böyüməkdən imtina edir və dünyanı uşaq gözü ilə dərk etməyə davam edir. Müharibə və faşizmin cəmiyyətin üzərində buraxdığı izlər Oskarın simasında təsvir olunur. Oskarın tənəkə təbili və onun qeyri-adi səsi simvolik elementlər kimi romanda mühüm rol oynayır. Günter Qrass bu romanında magik realizm və modernist texnikalardan istifadə edərək Almaniyanın faşizm keçmişi ilə üzləşməsini tənqid edir. Roman faşizmin yüksəlişi, kollektiv məsuliyyət və günah anlayışlarını dərindən araşdırır. Nasist ideologiyasının cəmiyyətə təsiri, fərdlərin bu ideologiyaya uyğunlaşması və müharibənin doğurduğu mənəvi problemlər əsərin əsas mövzusudur. Oskarın böyüməməsi Alman cəmiyyətinin keçmiş günahlarını unutmaq istəməsinin simvoludur. Roman həm tarixi, həm də fəlsəfi suallar qaldıraraq müharibədən sonrakı alman cəmiyyətində məsuliyyət və günah anlayışlarını araşdırır.
Açar sözlər: faşizm, müharibə, travma, cəmiyyət, simvolizm, sehrli realizm