Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Hərbi qulluqçular tərəfindən törədilən vəzifə cinayətləri kontekstində hərbi əsirlərlə rəftarın beynəlxalq-hüquqi aspektləri

 

Aytac Allahverdiyeva1* , Elnarə Quliyeva1

 

Xülasə. Məqalədə hərbi qulluqçular tərəfindən törədilən vəzifə cinayətləri və hərbi əsirlərlə rəftarın beynəlxalq-hüquqi aspektləri kompleks şəkildə təhlil edilmişdir. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, müasir silahlı münaqişələr şəraitində beynəlxalq humanitar hüququn pozulması halları daha çox hərbi qulluqçuların xidməti səlahiyyətlərindən qanunsuz istifadə etməsi və beynəlxalq hüquq normalarına əməl etməməsi ilə bağlıdır. Xüsusilə hərbi əsirlərə qarşı işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar, qanunsuz saxlanma, təhlükəli şəraitdə yerləşdirmə və digər zorakı hərəkətlər beynəlxalq hüquqda müharibə cinayətləri kimi qiymətləndirilir.

Məqalədə 1949-cu il tarixli III Cenevrə Konvensiyası, 1977-ci il tarixli Əlavə Protokollar və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu əsasında hərbi əsirlərin beynəlxalq hüquqi müdafiə mexanizmləri təhlil edilmişdir. Bununla yanaşı, hərbi qulluqçular tərəfindən törədilən vəzifə cinayətlərinin anlayışı, obyektiv və subyektiv əlamətləri, həmin cinayətlərin subyekti və obyekti hüquqi baxımdan araşdırılmışdır. Tədqiqat zamanı komandir məsuliyyəti, fərdi beynəlxalq cinayət məsuliyyəti və dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti məsələləri beynəlxalq tribunal və məhkəmələrin təcrübəsi əsasında qiymətləndirilmişdir.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, hərbi əsirlərlə bağlı hüquq pozuntuları yalnız beynəlxalq humanitar hüququn deyil, həm də hərbi xidmətin əsas prinsiplərinin və hərbi intizamın pozulması ilə müşayiət olunur. Bu baxımdan beynəlxalq və milli hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq humanitar hüququn effektiv tətbiqinin təmin olunması və hərbi qulluqçuların hüquqi hazırlıq səviyyəsinin artırılması xüsusi əhəmiyyət kəsb edir.

 

Açar sözlər: hərbi qulluqçu, vəzifə cinayətləri, hərbi əsirlər, beynəlxalq humanitar hüquq, müharibə cinayətləri, komandir məsuliyyəti, Cenevrə Konvensiyası

 


Baxış: 173