DOI: https://doi.org/10.36719/2706-6185/54/144-147
Aytac Allahverdiyeva
Milli Müdafiə Universitetinin
Hərbi Elmi Tədqiqat İnstitutu
adyunkt
https://orcid.org/0000-0001-6643-0044
aytac.allahverdiyevaa@gmail.com
Hərbi qulluqçular tərəfindən törədilən vəzifə
cinayətlərinə görə qanunvericilik normalarının inkişaf tarixi
Xülasə
Hərbi qulluqçuların vəzifə səlahiyyətlərini icra edərkən yol verdikləri hüquqazidd əməllər hər zaman dövlətin təhlükəsizliyi, hərbi intizam və idarəetmənin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Tarixi inkişaf prosesində bu kateqoriyaya aid cinayətlərə münasibət dövlətin siyasi quruluşu, hərbi təşkilatlanma səviyyəsi və hüquq sisteminin formalaşma mərhələləri ilə sıx bağlı olmuşdur. Erkən dövrlərdə hərbi vəzifə cinayətləri əsasən adət-ənənələr, nizamnamələr və intizam qaydaları əsasında tənzimlənmiş, yazılı hüquqi normalar isə məhdud xarakter daşımışdır. Dövlətçiliyin və mərkəzləşmiş idarəetmənin inkişafı ilə hərbi xidmət sahəsində hüquqi tənzimləmə güclənmiş, vəzifə cinayətləri ayrıca hüquqi institut kimi formalaşmağa başlamışdır. Xüsusilə XX əsrdə hərbi cinayət qanunvericiliyinin sistemləşdirilməsi nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə borclarının yerinə yetirilməməsi, əmrlərin pozulması kimi əməllər konkret cinayət tərkibləri kimi müəyyən edilmişdir. Müasir dövrdə isə bu sahədə qanunvericilik yalnız milli hüquq normaları ilə deyil, eyni zamanda beynəlxalq humanitar hüquq və insan hüquqları prinsipləri ilə uzlaşdırılaraq inkişaf etdirilir. Beləliklə, hərbi qulluqçular tərəfindən törədilən vəzifə cinayətlərinə dair qanunvericiliyin tarixi inkişafı hərbi intizamın qorunması və hüquqi məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Açar sözlər: hərbi qulluqçular, vəzifə cinayətləri, hərbi cinayət hüququ, qanunvericiliyin tarixi inkişafı, hərbi intizam, hüquqi məsuliyyət