DOI: https://doi.org/10.36719/2663-4619/118/51-54
Gülnar Rasulova
Cəmşid Naxçıvanski adına Hərbi Lisey
https://orcid.org/0009-0002-6524-4578
gulnar.rasulova07@mail.ru
Hərbi təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsi və
onun tədris prosesi ilə əlaqəsi
Xülasə
Bu məqalədə tərbiyə anlayışı haqqında, vətənpərvərlik tərbiyəsi haqqında məlumat vermək məqsəd kimi qarşıya qpyulmuşdur. Vətənpərvərlik tərbiyəsi və onun tədris prosesi ilə əlaqəsini açıqlamaq məqalənin əsas vəzifəsidir.
Vətənpərvərlik tərbiyəsinin hər bir Azərbaycan gəncinə aşılanması vacib olan mühüm vəzifədir. Vətənpərvərlik tərbiyəsi tədris prosesi ilə sıx bağlıdır. Burada müəllimlərin öhdəsinə çox vacib iş düşür. Xüsusən də tarix, ana dili, ədəbiyyat fənn müəllimləri bu tərbiyənin aşılanmasında daha çox iş görə bilər. Onlar tarixi keçmişimizi, Azərbaycan xalqının qəhrəmanlıqlarının, şəhidlik kimi bir zirvənin aliliyini, milli-mənəvi dəyərlərə bağlılığı, dilimizə sevgi və hörməti gənclərimizə birmənalı şəkildə mənimsətməlidirlər. Onlara “Vətən bizim üçün nə edib sualınının yerinə biz vətən üçün nə etmişik” sualını verməyi öyrətməlidirlər.
Vətənpərvərlik tərbiyəsi hərbi məktəblərdə təhsil alanlar üçün xüsusi önəm kəsb edir. Hərbi təhsil sadəcə silahlardan, döyüş texnikalarından istifadə etməyi, döyüş taktikalarını öyrətməklə kifayətlənmir, eyni zamanda gənc hərbçilərdə vətənpərvərlik kimi ali keyfiyyət formalaşdırır. Vətənin gələcəyi əmanət olunacaq gənclər üçün bu keyfiyyətin rolu danılmazdır. Hərbçi olmaq sadəcə əldə silah sərhədləri qorumaq yox, dövlətin, xalqın hər bir milli-mənəvi sərvətinə, dilinə, atributlatına hörmətlə yanaşmağı bacarmaq, sahib çıxmaq, onu qorumaqdır.
Açar sözlər: tərbiyə, vətən, vətənpərvərlik, pedoqoji proses, hərbi təhsilalan