İngilis dilində feil zamanları mətnyaratma vasitəsi kimi: funksional yanaşma
Birgül Əsədova1*
, Tehranə Xudaverdiyeva2
, Leyla Səfərova3
,
Müşərrəf Məmmədova4
, Bülbül Abbasova1
Xülasə. Bu məqalədə ingilis dilində feil zamanlarının mətnyaratma prosesində funksional rolu araşdırılır. Tədqiqatın əsas məqsədi feil zamanlarının yalnız qrammatik kateqoriya kimi deyil, həm də mətnin qurulması, məntiqi ardıcıllığın təmin edilməsi və kommunikativ niyyətin ifadəsində mühüm vasitə kimi çıxış etdiyini göstərməkdir. Məqalədə sistem-funksional dilçilik və diskurs təhlili yanaşmaları əsasında feil zamanlarının mətnin koherensiyası və koheziyasının formalaşmasındakı rolu təhlil edilir. Xüsusilə, müxtəlif mətn növlərində – narrativ və elmi üslublarda – zaman seçiminin informasiyanın təqdim olunmasına və oxucu tərəfindən qavranılmasına təsiri göstərilir. Analiz korpus əsaslı keyfiyyət yanaşmasına söykənir və mikro (cümlə və cümlələrarası) və makro (mətn və janr) səviyyələrdə zaman seçiminin diskursun təşkilinə təsirini araşdırır. Nəticələr göstərir ki, feil zamanları yalnız zaman münasibətlərini ifadə etmir, həm də mətnin struktur bütövlüyünü təmin edən, informasiya axınını tənzimləyən və janr fərqlərini müəyyən edən əsas diskurs vasitələrindən biridir. Eyni zamanda, zaman formalarının düzgün seçilməməsi mətnin aydınlığını və kommunikativ effektivliyini azalda bilər. Bu baxımdan, feil zamanlarının funksional yanaşma çərçivəsində öyrənilməsi həm nəzəri dilçilik, həm də praktik dil istifadəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: feil zamanları, mətnyaratma, diskurs təhlili, funksional dilçilik, koheziya, koherensiya, zaman-aspekt sistemi