DOI: https://doi.org/10.36719/2789-6919/44/52-56
Humay İbrahimova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0001-4139-2712
humay.brahimova@mail.ru
İngilis dilinin tədrisində kommunikativ metoddan istifadə
Xülasə
Son illərdə müasir dünyada qlobal ünsiyyət dili statusu qazanmış ingilis dilini müxtəlif məqsədlərlə öyrənən insanların sayı günü-gündən artmaqdadır. İngilis dilini öyrənən şəxslərin tələbat və ehtiyaclarının əhəmiyyətli dərəcədə dəyişməsinə təsir edən ən önəmli amillərdən biri bu dilin beynəlxalq miqyasda əsas ünsiyyət vasitəsi kimi rolunun artmasıdır. Məlum olduğu kimi bu gün ingilis dilini öyrənən insanların böyük əksəriyyəti bu dildən kommunikasiya vasitəsi kimi istifadə etmək bacarığına yiyələnməyi qarşılarında bir məqsəd kimi qoyurlar. Orta məktəbdə ingilis dilini tədris edən müəllimlərin qarşısına qoyulan əsas vəzifələrdən biri xarici dilə mükəmməl şəkildə yiyələnmiş, kommunikativ cəhətdən səriştəli olan yüksək səviyyəli şagirdlərin – gələcəyin abituriyentlərinin hazırlanmasıdır. Bu gün ingilis dilini tədris edən müəllim dünyada xarici dillərin tədrisi sahəsində baş verən dəyişikliklərdən xəbərdar olmalı, innovativ metod və üsulları dillərin tədrisi praktikasına tətbiq etməyə hazır olmalıdır. Kommunikativ səriştəlilik yüksək təşəkküllü kommunikativ qabiliyyət və bacarıqları, müasir sosial strukturlar çərçivəsində müvafiq biliklərin və intellektual imkanların formalaşdırılmasını, mədəni dəyərlərin mənimsənilməsini, davranışda məhdudiyyətlərin zəruriliyini, ünsiyyətdə etiket, adət və ənənələrə riayət edilməsini, nəzakət qaydalarına əməl olunmasını, milli mentalitetə uyğun olan kommunikativ vasitələrdən istifadə edilməsini nəzərdə tutur. Bütün bu deyilənlər məqalədə öz əksini tapır.
Açar sözlər: kommunikasiya, tədqiqat, inkişaf etdirmək, dil bilən, tələb, təsir