DOI: https://doi.org/10.36719/2706-6185/53/12-15
Gülnara Aslanova
Azərbaycan Dövlət Aqrar Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-4348-5477
aslanova_g1988@mail.ru
Kənd təsərrüfatı terminologiyasında diftonqların
rolu və xüsusiyyətləri
(ingilis dili nümunəsində)
Xülasə
Bu tədqiqat diftonqların kənd təsərrüfatı sahəsinə aid terminlərdə fonetik-semantik və funksional rolunu müəyyən etmək məqsədi daşıyır. Müasir dilçilik elminin diqqət mərkəzində duran əsas istiqamətlərdən biri terminoloji sistemlərin fonetik və semantik xüsusiyyətlərinin tədqiqidir. Bu kontekstdə kənd təsərrüfatı sahəsində istifadə olunan ingilis dili terminlərində diftonqların öyrənilməsi xüsusi aktuallıq daşıyır. Diftonqlar bir heca daxilində iki müxtəlif vokal səsin birgə tələffüzü ilə formalaşan və dilin səs sistemində əhəmiyyətli yer tutan mürəkkəb səslərdir. Müxtəlif dillərdə onların başlanğıc və son səs elementlərinə görə fərqli tiplərə bölünməsi fonetik sistemlərin struktur çətinliklərini və ifadə potensialını nümayiş etdirir.
Müqayisədə daha sabit olan monoftonqlardan fərqli olaraq, diftonqlar təkcə tələffüz baxımından deyil, həm də ifadənin mənaca aydınlığı, ahəngdarlığı və nitqin melodik axıcılığına təsir göstərən mühüm vasitə hesab olunur. İngilis dilində kənd təsərrüfatı leksikonunda diftonqlar yalnız səs vahidi kimi deyil, eyni zamanda terminlərin fonetik anlaşılmasını asanlaşdıran və leksik səviyyədə onların digərlərindən fərqlənməsini təmin edən əsas göstərici kimi çıxış edir. Bu səs vahidləri, eyni zamanda, beynəlxalq səviyyədə anlaşılan terminologiyanın formalaşmasına töhfə verir.
Diftonqların danışıqda semantik sabitlik və üslubi dəyərlərin qorunmasındakı rolu onların kommunikativ effektivliyini artırır.
Açar sözlər: diftonq, kənd təsərrüfatı, bitkiçilik, aqronomluq, üzümçülük, torpaqşünaslıq və aqrokimya, meşəçilik, bitki mühafizəsi