DOI: https://doi.org/10.36719/2789-6919/45/258-261
Mirzə Talıbov
Azərbaycan Texnologiya Universiteti
magistrant
https://orcid.org/0009-0001-4692-0481
mirzetalibov7@gmail.com
Kompüter şəbəkələrində informasiya təhlükəsizliyi mexanizmlərinin
işlənməsi və tətbiq edilməsi
Xülasə
Tədqiqatın aktuallığı. Müasir dövrdə rəqəmsallaşmanın dinamik inkişafı fonunda kompüter şəbəkələri həm fərdi istifadəçilərin, həm də iri təşkilatların gündəlik fəaliyyətində mühüm rol oynayır. Elektron idarəetmə sistemləri, onlayn maliyyə əməliyyatları, bulud texnologiyaları, rəqəmsal ticarət, məsafədən idarə olunan biznes və təhsil modellərinin geniş tətbiqi informasiya resurslarının təhlükəsiz, etibarlı və əlçatan şəkildə mübadiləsini zəruri edir. Tədqiqatın məqsədi. Araşdırmanın əsas məqsədi müasir kompüter şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı aktual risk və təhdidləri müəyyənləşdirmək, bu təhdidlərin qarşısını almaq üçün təsirli müdafiə üsullarını işləyib hazırlamaq və onların real mühitdə tətbiq imkanlarını təhlil etməkdən ibarətdir. Tədqiqatda istifadə olunan metodlar. Tədqiqatın məqsəd və vəzifələrinə uyğun olaraq araşdırmada analitik yanaşmalar, simulyasiya modelləri, statistik təhlillər və ümumi analiz metodları tətbiq olunmuşdur. Tədqiqatın informasiya bazası. Tədqiqat zamanı yerli və xarici mütəxəssislərin elmi araşdırmalarından, Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi məlumatlarından, eləcə də xarici mənbələrdən toplanmış statistik göstəricilərdən istifadə olunmuşdur. Tədqiqatın məhdudiyyətləri. Tədqiqatın əsas məhdudiyyəti kifayət qədər resursların əldə olunmaması ilə bağlıdır.
Tədqiqatın elmi yeniliyi və praktiki nəticələri. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, müasir kompüter şəbəkələrində tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri kompleks şəkildə araşdırılmış, onların funksional imkanları ilə yanaşı performansa təsiri də sistemli şəkildə təhlil edilmişdir. Mövcud yanaşmalardan fərqli olaraq, bu tədqiqatda təhlükəsizlik tədbirlərinin yalnız texniki səmərəliliyi deyil, həm də real şəbəkə şəraitində şəbəkə keçirmə qabiliyyətinə, gecikmə müddətinə və resurs sərfiyyatına təsiri müqayisəli şəkildə qiymətləndirilmişdir. Nəticələrin istifadə oluna biləcəyi sahələr. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, real şəbəkə şəraitində kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunması üçün istifadə edilən müxtəlif müdafiə mexanizmlərinin səmərəli seçimi, uyğunlaşdırılması və tətbiqi üzrə tövsiyələr hazırlanmışdır.
Açar sözlər: texnologiya, kompüter, informasiya, təhlükəsizlik, şəbəkə